Güc qapısı ! - Türkiyənin güclənməsindən dünya da qazanclı çıxacaq

"Çünki Türkiyə dövlətçiliyinin əsas prinsipi ədaləti və barışı təmin etməkdir"

Bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq, geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətində olduğunu vurğulayıb. Aralıq dənizinin şərq hissəsi bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə yunanların birgə işlətmələrini təklif edib.

Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə Fransa, Misir və İsrail də daxil olub. Türkiyənin Yunanıstanla fikir ayrılığı 1974-cü ildə Kiprdə çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və Kipr Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib.

Aralıq dənizinin şərqində yaşanan gərginliklə bağlı danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin Aralıq dənizindəki hüquqlarını pozmaq cəhdləri olduqca ədalətsizdir. Dövlət rəhbəri bir sıra ölkələrin Aralıq dənizinin şərq hissəsində olan təbii sərvətləri ələ keçirmək cəhdlərini “müasir müstəmləkəçiliyin” göstəricisi adlandırıb. Prezident qeyd edib ki, Ankara Aralıq və Egey dənizlərində haqqı olanları tələb edir: “Ankaranın düşmənləri Türkiyənin inkişafının qarşısını ala bilməyəcəklər”.

Siyasi şərhçilərə görə, Şərqi Aralıq dənizində gedən geopolitik oyunun mahiyyəti güclənən Türkiyənin önünü kəsmək istəyidir. Çünki son illər Türkiyə istər Suriya, istərsə də Liviya məsələsində təşəbbüsü ələ alan, yumruğunu masaya vuran və sözünü deyən bir ölkəyə çevrilib. 

Aralıq dənizinin şərqində baş verənləri “Şərq”ə təhlil edən siyasi şərhçi, fəlsəfə elmləri doktoru Füzuli Məhəmməd deyib ki, hazırda dünyanın yenidən bölüşdürülməsi prosesi gedir və bu prosesdə dünyanın ən güclü dövlətləri də iştirak edir. Analitikin sözlərinə görə, oyunçular arasında son 10-15 ildə sürətlə inkişaf edən, bütün sahələrdə öz qüdrətini artıran Türkiyə də var:

“Türkiyə son illərdə qətiyyətlə, əminliklə və uğurla dünya siyasətində öz yerini tutmaq, möhkəmlənmək, aparıcı dövlət olmaq istiqamətində addımlar atır. Aralıq dənizinin şərqində cərəyan edən proseslərə bu kontekstdən yanaşmaq lazımdır. Məsələ sadəcə enerji faktoru ilə məhdudlaşmır. Türkiyə daha geniş aspektdə və bütün istiqamətlərdə meydana çıxdığı üçün qarşısındakı məsələləri həll etmək məcburiyyətində qalır. Suriya, Liviya və İraqda Türkiyə öz gücünü təsdiqlədi. Qardaş ölkənin nəinki dünyada, hətta Yaxın Şərqdə söz sahibi ola biləcəyinə ehtimal verilmirdi. Qərb ölkələri Türkiyə ilə nəyisə paylaşmaq istəmirdilər. Amma Türkiyə ardıcıl hərbi əməliyyatları ilə sübut etdi ki, Ankara proseslərdə söz sahibidir və bu ölkə olmadan masada və hərb meydanında hansısa məsələ çözülə bilməz”. 

Ekspert vurğulayıb ki, Türkiyənin böyük dövlət və geosiyasi oyunçu kimi təsdiqinin yeni mərhələsi başlayıb: “Yeni mərhələdə Türkiyə yalnız hərbi deyil, həm də iqtisadi və enerji baxımından “kənardan asılı olmamaq” prinsipini əsas götürüb. Hərbi sahədə yeni kəşflər edilir. Qanadlı raketlər üçün motor hazırlanması və yanacaqdan istifadə olunması ilə bağlı müjdələr verilir. Türkiyənin bir neçə güclü hərbi layihəsi var ki, onlar qardaş ölkəni daha böyük hərbi gücə çevirmək iqtidarındadır.

Türkiyənin Qara dənizdə kəşf etdiyi qaz yatağı iki aspektdən çox önəmlidir. Birincisi, Türkiyə öz tarixində ilk dəfə olaraq böyük qaz ehtiyatına sahib olub. Digər tərəfdən qaz yatağının keyfiyyəti və paylanması səmərəli üstünlüklər verir. Türkiyənin bütün istiqamətlərdə əldə etdiyi uğurlardan narahat olan geosiyasi güclər isə Ankara hökumətinin qarşısını almağa çalışır. Həmin güclərin sırasında birbaşa və dolayı yolla ABŞ və Avropa Birliyi də var”. 

F.Məhəmməd bəyan edib ki, Liviyanın rəsmi dairələri ilə imzalanmış saziş Türkiyəni Aralıq dənizində söz sahibi edib: “Yunanıstan bunun qarşısını almaq gülünc iddialar ortaya atır. Meis adası Türkiyədən cəmi 2 kilometr, Yunanıstandan isə 580 kilometr aralı olduğu halda, yunan tərəfi bu adaya iddia edir.

Əlbəttə, Türkiyə bununla razılaşmayacaq, ümumiyyətlə özünə hörmət edən heç bir dövlət belə təzyiqlərə boyun əyməz. Hətta bir yunan professoru da Türkiyənin addımlarına haqq qazandırır və deyir ki, türklərin əlində kifayət qədər əsaslar və arqumentlər var”.

Siyasi şərhçi Türkiyənin bu prosesi müsbət sonluqla nəticələndirəcəyindən əminlik ifadə edib: “Türkiyə planlı, sistemli, düşünülmüş addımlar atan real gücə sahib çiçəklənən dövlətdir.

Türkiyənin Balkanlarda, Yaxın Şərqdə, Asiyada, o cümlədən Qafqazda təsiri artmaqdadır. Qardaş ölkənin gücü və nüfuzu artdıqca bundan dünya qazanclı çıxacaq.

Çünki Türkiyə dövlətçiliyinin əsas prinsipi ədaləti və barışı təmin etməkdir. O baxımdan Türkiyənin güclənməsi həm də böyük bir ərazidə ədalətin və sabitliyin güclənməsi deməkdir”.