Müsəlmanlara qarşı həmişə təxribatlar hazırlayıblar

Dini və mənəvi dəyərlərin təhqir olunması təhlükəlidir

2015-ci ildə Məhəmməd peyğəmbərin karikaturaları ilə gündəmə gələn Fransanın “Charlie Hebdo” jurnalı islam peyğəmbərinin silsilə karikaturalarını dərc edəcəyini açıqlayıb. Jurnalın satışa çıxarılacaq xüsusi buraxılışının üz qabığında 2006-cı ildə yayımlanan 12 mübahisəli karikaturanın yer alacağı bildirilib. Nəşrin sahiblərindən biri Loren Surisso əsla geri çəkilməyəcəklərini deyib.

Jurnalın qərarına Fransa Prezidenti Emmanuel Makrondan da dəstək gəlib. Makron Fransada mətbuat azadlığı olduğunu söyləyib: “Prezident qəzetlərin və kanalların seçimlərinə şərh verə bilməz.

Bu ölkədə söz azadlığını qorumaq üçün buradayam”. İlahiyyatçılar isə hesab edir ki, dini məsələlərlə, xüsusən inancın həssas məqamları ilə bağlı sadəcə media orqanları deyil, hər kəs diqqətli olmalı, təxribata və qarşıdurmaya səbəb ola biləcək addımlardan çəkinməlidir. 

Məsələni “Şərq”ə dəyərləndirən ilahiyyatçı-alim Hacı Atif İsmayılov bildirib ki, “media azadlığı” adı altında dini və mənəvi dəyərlərin təhqir olunması həm yolverilməz, həm də təhlükəlidir. Ekspertin sözlərinə görə, heç bir media qurumunun hansısa toplumun dini dəyərlərini, müqəddəslərini aşağılamaq ixtiyarı yoxdur:

“Bu yaxınlarda Avropa ölkələrinin birində bir xanım tərəfindən “Qurani-Kərim” yandırıldı. Fərqli ölkədə başqa bir şəxs islamın müqəddəs kitabının səhifələrini cırıb yerə atdı. Bunların hamısı qərəzli şəkildə edilir.

Məqsəd müsəlman dünyasını təhrik edərək təxribata çəkməkdir. Sabah hansısa müsəlman dözməyərək təhqiramiz davranışa adekvat cavab verəndə, dərhal islamı “terrorla” eyniləşdirməyə cəhd edəcəklər.

Yaxud dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar etiraz aksiyalarına başlayanda üçüncü qüvvələr bundan öz məqsədləri üçün yararlanmağa çalışacaq. Ona görə də bu cür çirkin təşəbbüslərə qətiyyən hüquqi don geyindirmək, “media azadlığı” bəhanəsi ilə bəraət qazandırmaq olmaz”.