Mavi gözlərinə görə əri evdən qovdu

Futbolçu isə həyat yoldaşının iddiaları ilə razılaşmır

Nigeriyalı futbolçu Vasiyu Cimoh  həyat yoldaşı Risikatı  və  iki övladını gözlərinin mavi olması səbəbindən evdən qovub.



"Sherg.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə futbolçunun  həyat yoldaşı  BBC-yə müsahibəsində deyib. Nigeriyada uşaqları ilə birlikdə gözlərinin rənginə görə ayrı-seçkiliyə məruz qalan Risikat bildirib ki, gözlərinin mavi olması səbəbindən Cimohun ailəsi onunla evlənməsini istəməyib:



"İki övladımız dünyaya gəldi. Onların hər ikisinin də gözləri mavi oldu. Bundan sonra ailədə bizə qarşı davranışlar tamamilə dəyişdi. Yoldaşımın valideynləri  "Uşaqlarının gözlərini görmürsən? Bütün övladlarınızın belə doğulmasını istəyirsən?" deyə ona təzyiqlər göstərməyə başladılar".



Həyat yoldaşı tərəfindən övladları ilə birlikdə qovulan qadın öz ata evinə qayıtdığını deyib. Risikat bildirib ki, uşaqları hazırda ərəb dilində təhsil alırlar:



"İnsanlar bizi görəndə çox təəccüblənirlər. Bəzən uşaqlar məni görəndə qorxub qaçırlar. Uşaqlarımın məktəb yoldaşları onları "cadugər gözləri" adı ilə çağıraraq lağlağı edirlər. Ancaq nə onların, nə də ki, mənim gözlərimdə heç bir problem yoxdur". 



Futbolçu Vasiyu Cimoh  gözlərinin rənginə görə həyat yoldaşını tərk etmədiyini söyləyib. Hətta Risikatın gözlərinə aşiq olduğunu deyən Cimoh ayrılıq səbəblərini belə izah edib: “Mavi gözləri səbəbiylə onunla evləndim. Tərk etməyimin əsas səbəbi mənə qarşı davranışının dəyişməsidir. Ona xoş münasibət göstərmədiyimi söyləyirdi. Bu səbəbdən də tez-tez dalaşırdıq. Məni xoşbəxt edə bilmədi. Ona görə də ayrılmaq qərarına gəldim".