"Prezidentin fikirləri bir millət iki dövlət fəlsəfəsinin təntənəsi idi”

“İlham Əliyev Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən həqiqətləri açıq və şəffaf şəkildə onun diqqətinə çatdırdı”

“Ölkə başçısının bu cür qətiyyətli və prinsipial diplomatiya siyasəti milli marqlarımızın qoruyan ən yaxşı vasitədir"


Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.
Görüş zamanı bir sıra mühüm məqamlara toxunan ölkə başçısı Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ problemi ilə yanaşı Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi gərginliyinə də xüsusi diqqət çəkib. 

Bu barədə "Sherg.az"a açıqlama verən millət vəkili Hikmət Babaoğlu isə hesab edir ki, ən böyük dilomatiya milli maraqları müdafiəetmə əzmi, ən doğru siyasət dürüstlükdür: 

"Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyətində daim  milli maraqları qorumaq üçün  çoxkombinasiyalı siyasi gedişlər ustası kimi deyil,  həm də diplomatik üslub və etiketi dərindən bilən güclü diplomat keyfiyyətləri ilə tanınır.


Biz dəfələrlə  Prezident İlham Əliyevin ən mürəkkəb şəraitdə ən sadə metodlarla bizə və müttəfiqlərimizə qarşı olan diplomatik həmlələri necə asanlıqla dəf etdiyinin və layiqli cavab verdiyinin şahidi olmuşuq. Eyni hadisəni ən müxtəlif beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli görüşlərdə, beynəlxalq konfranslarda təşkil edilən debatlarda müşahidə edərək qurur hissi keçirmişik. Ona görə də Azərbaycan milli maraqlarını qorumaqda tam müstəqil siyasət yeridən dövlət, tərəfdaşlarının  və müttəfiqlərinin  maraqlarını qorumaqda isə əsl etibarlı dost kimi tanınıb.

Məsələn, Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək bildirmişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Bu yerində nümayiş etdirilən diplomatik qətiyyət  o zaman işğalçı ölkənin prezidentinin üzünə vurulan sillə effekti yaratmışdı".

H. Babaoğlunun sözlərinə görə, bu günlərdə Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə akreditasiya olunmuş səfirinin etimadnaməsini qəbul edərkən yeni bir diplomatik üslubla həqiqətləri açıq və şəffaf şəkildə onun diqqətinə çatdırması da xüsusi əhəmiyyət kəsb edən bir hadisədir.

Yunanıstanın Kipr və Ermənistanla birlikdə üçlü format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərdiklərini vurğulayan deputat Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanda ciddi narahatlıq doğurduğunu deyib:

"Çünki  Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir.

Bu yerində olan qətiyyətli və milli maraqlarımızın hər şeydən üstün tutulduğunu göstərən fikir və mövqe  əslində yaxşı bir diplomatik dərs keyfiyyətində idi .Əmin olmaq olar ki , bundan hamı lazımi nəticəni özü üçün çıxartmış oldu. İkinci digər ən mühüm bir mövqe isə ondan ibarət oldu ki , Azərbaycan Prezidenti Türkiyə - Azərbaycan münasibətlərinin bütün diplomatiya və siyasətin fövqündə  olduğunu  diqqətə çatdırdı. Prezident bildirdi ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük.

Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Bu fikirlər Türkiyə- Azərbaycan qardaşlığının ən yaxşı ifadəsi və bir millət iki dövlət fəlsəfəsinin real beynəlxalq münasibətlər sistemində təntənəsi idi. Şübhəsiz ki, bu cür qətiyyətli və prinsipial diplomatiya siyasəti milli marqlarımızın qoruyan ən yaxşı vasitədir".