Bu dəfə elə olmadı ! – Prezident tənqidlərini Yunanıstan səfirinə açıq bildirdi    

“Şərqi Aralıq dənizində yaranan hazırkı gərgin durumda qardaş və strateji müttəfiq olan Türkiyəni dəstəklədiyini səfir aşkar söylədi”

“Rəsmi Bakı Yunanıstanla olduğu kimi Rusiya ilə siyasi münasibətləri korrektə etmək məcburiyyətindədir”

“Bu isə rəsmi Bakının illərdir apardığı balanslaşdırılmış xarici siyasətin korrektə olunması deməkdir və doğru strategiyadır”



Prezidenti İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib. Ölkə başçısı adətən səfirləri qəbul edəndə onlarla ancaq ikitərəfli əlaqələrin müsbət məqamlarından danışır. Lakin bu dəfə belə olmadı. 
Prezident Yunanıstan səfiri Nikolaos Piperiqkosa Yunanıstan haqqında bütün tənqidi düşüncələrini açıq dedi. Dövlət başçısı söylədi ki, Yunanıstan iki il əvvəl Avropa İttifaqı ilə  Azərbaycan arasında paraflanan “Tərəfdaşlıq Prioritetlərinə” sənədinə zidd siyasət aparır. Həmin sənəddə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyib. Bu səbəbdən  Yunanıstanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi Azərbaycanın haqlı narazılığına səbəb olub. 

Prosesləri “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Prezident Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığını səsləndirdi. Politoloqun sözlərinə görə, İlham Əliyev Afinanın bir neçə il əvvəl Bakıya verdiyi vədini yerinə yetirmədiyini də xatırlatdı: 

“Yunanıstanın keçmiş hökuməti bizə Yunanıstanın qaz şirkəti olan “DESFA”nın özəlləşdirilməsində SOCAR-ın iştirakını təklif etmişdi. Tenderə qoşulduq və qalib olduq. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Hadisə 6 il əvvəl olub. Düşündük ki, Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. Ancaq təəssüf ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi. Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, necə cavab verəcəyimiz barədə düşünməliyik”.

E.Şahinoğlu qeyd edib ki, Şərqi Aralıq dənizində yaranan hazırkı gərgin durumda birmənalı şəkildə qardaş və strateji müttəfiq olan Türkiyəni dəstəklədiyini Yunanıstan səfirinə açıq dedi:

“İlham Əliyev Yunanıstan səfirinə onu da bildirdi ki, Yunanıstanla Azərbaycan arasında əlaqələrdə müsbət məsələ tapa bilmir. Prezidentin sözlərinə görə, ikitərəfli əlaqələr Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq.
Aydındır ki, Yunanıstan hökuməti Azərbaycanla bağlı siyasətini dəyişməyəcək. Afina SOCAR-a “DESFA”nın səhmlərini verməyəcək, Ermənistanla sıx əlaqələrdən imtina etməyəcək və Şərqi Aralıq dənizində Türkiyəyə müqavimət göstərməkdə davam edəcək. Bu isə o deməkdir ki, Azərbaycanla Yunanıstan arasındakı əlaqələrin inkişafını gözləmək yersizdir. İki ölkə arasındakı əlaqələr sadəcə, Azərbaycanın Yunanıstana qaz satmasından ibarət olacaq”. 

Analitik Prezidentin yunan səfirinə Rusiyanın Ermənistana hərbi yüklər göndərməkdə davam etdiyini xatırlatmasına dair məsələyə də toxunub:

“İlham Əliyev bir müddət əvvəl bununla bağlı iradını rusiyalı həmkarı Vladimir Putinə çatdırdıqdan sonra da Kreml Ermənistana hərbi yüklər göndərməkdə davam edir. Demək rəsmi Bakı Yunanıstanla olduğu kimi Rusiya ilə siyasi münasibətləri korrektə etmək məcburiyyətindədir. Bu isə rəsmi Bakının illərdir apardığı balanslaşdırılmış xarici siyasətin korrektə olunması deməkdir. Bu, doğru strategiyadır”.