“Modul tipli xəstəxanalar vətəndaşların köməyinə çatdı” - Deputat

Prezident İlham Əliyev modul tipli növbəti xəstəxananın açılışında iştirak edib. Ölkə başçısı açılışda bildirib ki, yeni xəstəxanalar koronavirusla mübarizədə çox önəmli rol oynayır.
Prezident qeyd edib ki, ölkəmiz pandemiya ilə mübarizədə uğurlu fəaliyyət göstərir:

“Müasir laboratoriyaların sayı 45-ə çatdırılıb. Həmçinin 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. COVİD-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirli və dəyərlidir”. 

Millət vəkili Müşfiq Məmmədli “Sherg.az”a bildirib ki, pandemiya dövründə 11 modul tipli xəstəxananın açılması və çarpayı sayının 4100-ə çatdırılması dövlətin mövcud şəraitə verdiyi çevik reaksiyanın göstəricisidir. 

Parlament üzvü vurğulayıb ki, modul tipli xəstəxanaların vaxtında qurulması ən çətin anda vətəndaşların köməyinə çatıb:

“Ölkəmizdə koronavirusa yoluxan xəstələrin sayı iki rəqəmli olanda bu xəstəxanalar sürətlə tikildi. Bəzi şəxslər modul tipli xəstəxanalarda bu qədər çarpayının gərəkli olub-olmayacağını müzakirə edirdilər.

Lakin xəstələrin sayındakı artım nəticəsində səhiyyənin üzərinə düşən yükün azalmasında modul tipli xəstəxanaların böyük rolu oldu. Bütün bunlar dövlətin tibbi xidmətlə bağlı çevik siyasətini göstərir. Bu siyasət bir çox ölkələr üçün örnəkdir”.