BNA rəsmisinə qəzəb "püskürdülər": “Taksi xidmətindən elə danışırdı ki,...”

“...Sanki taksidən istifadə etmək kosmosa turist göndərmək kimi bir şeydir. Yəni qiymətlər baha olmalıdır”

“Taksi yeganə sahədir ki, burada qiymət enib”

“Dövlətin vahid taarif sistemi yaratmaq cəhdi həm düzgün deyil, həm də mümkünsüzdür” 


Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev taksi xidməti ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, taksilərdən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır. Şöbə müdiri qeyd edib ki, taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil.
BNA rəsmisinin bu açıqlaması geniş müzakirələrə, hətta sərt tənqidlərə səbəb olub. Millət vəkili Nigar Arpadarai “Facebook” səhifəsində bildirib ki, BNA taksilərin qiymətinə müdaxilə etməməlidir:


“Hazırda çətin dövrdə yaşayırıq, bir çox vətəndaşımız əlacsızlıqdan, işin olmaması səbəbindən taksi sürücüsü kimi işləyir. Bu vətəndaşlar onsuz da az qazanır, onları bu qazancdan da məhrum etmək olmaz. Pandemiya dövründə metro işləmir, avtobuslarda sıxlıq olur, insanlar yoluxma riskini aşağı salmaq üçün taksidən istifadə edir. BNA rəsmiləri bunu mütləq nəzərə almalıdır”.

H.Babayevin açıqlaması vətəndaşların da qəzəbinə tuş gəlib. Sosial şəbəkə istifadəçiləri status yazaraq BNA rəsmisinin yanaşmasına etirazlarını bildiriblər:

Tanınmış jurnalist Xəqani Səfəroğlu: “Taksiyə minmək istəyənlərin bankda 1000 dollar depoziti olmalıdır. BNA da pul qəbzini təsdiq etməlidir”

Politoloq Azər Rəşidoğlu: “BNA rəsmisinin taksilərlə bağlı dediyi açıq təxribatdır”

Jurnalist Turanə Məmmədli: “2 gündür işə taksi ilə gedirdim, lənət sənə kor şeytan”



BNA rəsmisinin açıqlamasının çox qəribə olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bunları bildirib:

“BNA taksi xidmətindən elə danışırdı ki, sanki taksidən istifadə etmək kosmosa turist göndərmək kimi bir şeydir. Yəni qiymətlər baha olmalıdır.

Ekspert söyləyib ki, dünyanın hər yerində taksilərdən gündəlik ictimai nəqliyyatın bir növü kimi istifadə olunur:

“İndiki pandemiya şəraintində fərdi qaydada taksi xidmətindən istifadə edilməsinə maraq artıb. Çünki ictimai nəqliyyatın virusun yayılmasının əsas mənbələrindən biri olması artıq elmi araşdırmalarda sübut olunub. Metronun da bağlı olması nəqliyyat sahəsində sıxlığa səbəb olub. Ona görə də insanlar fərdi qaydada taksi xidmətindən istifadə edirlər. Belə bir şəraitdə bu açıqlamanı vermək çox absurd idi”. 

N.Cəfərli qeyd edib ki, taksi xidməti Azərbaycanda liberal tənzimlənən tək-tük sahələrdən biridir:

“Son 5 ildə benzinin qiymətinin qalxmasına, 2 kəskin devalvasiyaya baxmayaraq, taksi yeganə sahədir ki, burada qiymət enib. Təbii ki qiymətin enməsi rəqabətli mühitin nəticəsidir. Azərbaycanda həm xarici şirkətlər fəaliyyət göstərir, həm fərdi qaydada taksi xidmətinin sayı artıb, həm də yerli şirkətlər yaranıb. Rəqabətli mühit şəraitində qiymətlər bazar qaydalarına uyğun olaraq tənzimlənir. Ona görə də dövlətin burada vahid taarif sistemi yaratmaq cəhdi həm düzgün deyil, həm də mümkünsüzdür”. 

İqtisadçının sözlərinə görə, hətta sovet vaxtı taksilərdə vahid taarf xidmətini yaratmaq mümkün olmayıb:

“O zamanlar eyni taksometrlər və taariflər idi. Amma öz maşını ilə taksi xidməti göstərən insanlar da olurdu. İndi internetin və mobil rabitənin inkişaf etdiyi zamanda Azərbaycanda taksi xidmətini mərkəzləşdirilmiş qaydada necə edəcəklər? Ümumiyyətlə, dövlət bu işə birbaşa müdaxilə etməməlidir”.

Ekspertin fikrincə, dövlət tərəfindən taksi xidmətinə yalnız bəlli kriteriyalar tətbiq oluna bilər:

“Məsələn, avtomobillərin texniki vəziyyəti, təhlükəsizlik və sürücülərin davranışı ilə bağlı dəyişikliklər edilə bilər. Amma dövlətin qiymətlə bağlı müdaxiləsi doğru deyil. Onsuz da sürücü ilə vətəndaş arasında ümumi razılığa gəlinir. İstər-istəməz ümumi taarif sistemi kənarda qalacaq. Niyə sərt açıqlama verərək insanları incidirlər, bunu anlamıram”.