Türkiyənin ilk velosiped zavodu necə qurulub?



 Dünya tarixində ilk dəfə velosiped  1839-cu ildə ixtira olunub.  46 ildən sonra amerikalı Tomas İstefanisin  velosipedlə Osmanlıya səyahət etməsi dünya mətbuatında böyük şok yaşatdı. Bəs, Osmanlı dövlətində ilk dəfə velosipeddən istifadəyə nə zaman başlanıldı?  İlk dəfə hansı şəhərlərdə sürüldü? 

"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Cav Velosiped Zavodu Türkiyənin ilk velosiped istehsalçısı kimi xüsusi özəlliyə sahibdir. Fabrik Türkiyənin velosiped idman növü tarixində dəfələrlə çempion tituluna sahib olmuş  Cavit Cav tərəfindən qurulub. Velosipedə böyük sevgi bəsləyən Cavit Cav təşkil olunan bir çox velosiped yarışlarında qalib olaraq idmançı kimi tarixə düşür.

O, 1925-ci ildə Laləlidə balaca emalatxana qurur. O burada həm uşaq arabaları, həm də velosipedlər istehsal etməyə başlayır. 1933-cü ildə emalatxanasını Ankaraya köçürsə də, burada  xammal  təchizatı çətin olduğundan yenidən İstanbula qayıtmaq məcburiyyətində qalır.  İstanbula qayıtdıqda artıq istehsalat  yeri Harbiye olur. Bu emalatxana əvvəlkilərdən böyük olsa da, lakin istehsal üçün kifayət etmir. 

Fabrik açmaq niyyətində olan Cav 1943-cü ildə Mecidiyeköyde 4 mərtəbəli bina tutur.  Bu fabrik artıq yüksək səviyyədə həm boya maddələri, həm maşın hissələri, həm də xammal təchizatı ilə zəngin olur.

Artıq fabrikin istehsalatı daha zəngin olur. Beləliklə, burada səbətli, üçtəkərli, vitesli (dişli) velosipedlərlə yanaşı  körpə uşaqlar və yaşlı insanlar üçün arabalar, həmçinin uşaq stulları istehsalı həyata keçirilir.

Hətta zavod boru və ütü masalarının istehsalı üçün sifarişlər də qəbul etməyə başlayır.  Satış mağazası Harbiyedə olan bu zavod dövrün ilklərindəndir. Qaynaqlarda yalnız fabrikin 1963-cü ilindəki qalıqları tapılıb, bu tarixdən sonrakı fəaliyyəti barədə isə heç bir məlumat yoxdur. 

Qeyd edək ki, velosipeddən poçt və polis işçilərinin istifadə etməsi o dövrün  nəqliyyat vasitələri  olan tramvay, fayton kimi kütləvi istismarına zəmin yaratdı. Osmanlı torpaqlarında ilk dəfə insanlar ondan 1885-ci ildə, İstanbulda isə 1895-ci ildə faydalandılar.