Ortaq tale, ortaq hədəf...

İlham Əliyevin qətiyyəti tarixə damğa vurdu

Azərbaycan Prezidenti təkcə Yunanıstana deyil, bütün dünyaya mesaj verdi


Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri - Nikolaos Piperiqkosu qəbul edərkən bir çox həssas məqama toxunub. Ölkə rəhbəri olduqca açıq formada Azərbaycanın milli maraqlarına əsaslanan fikirlər səsləndirib, mesajlar verib. Prezidentin çıxışında həm Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız ifadə olunub, həm də qardaş Türkiyəyə açıq dəstək ifadə edilib. Türkiyənin maraqlarını dilə gətirən dövlət başçısı vurğulayıb ki, Azərbaycan hökuməti Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləyir: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir.

Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz”.

Xatırladaq ki, Prezident 2014-cü il aprelin 24-də Praqada keçirilən sammitdə ovaxtkı Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına da sərt cavab vermişdi. Ölkə başçısı bəyan etmişdi ki, toplantıda Türkiyə təmsilçisinin olmadığını fürsət bilən Ermənistan rəhbəri hücum edir: “Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. 

Dövlət başçısı yunan səfirini qəbul edərkən, Ermənistanın Yunanıstan və Kiprlə üçtərəfli hərbi əməkdaşlığını da tənqid hədəfinə çevirib. Bildirib ki, əməkdaşlığın üçtərəfli formatı rəsmi Bakını narahat edir:

“Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun nəyə görə baş verdiyini mən izah etdim”. 

Azərbaycan rəhbərinin Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkənin kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrilib. “Bütün hallarda Türkiyəni dəstəkləyirik” kimi sərlövhələrin yer aldığı materiallarda tarixi köklərə bağlanan Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışılıb. Televiziya kanalları xəbər buraxılışlarında mövzu ilə bağlı xüsusi reportajlar yayıblar.

Reportajlarda Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini tərənnüm edən kadrlar nümayiş olunub. Türkiyənin yüksək səviyyəli rəsmiləri də dövlət başçısına dəstəyə görə minnətdarlıq ediblər. Xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsindəki paylaşımında deyib:

“Çox təşəkkür edirəm, cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq”. Nazir, həmçinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını qeyd edərək dövlət bayraqlarımızın qoşa təsvirini paylaşıb. 

Türkiyə prezidentinin müşaviri İbrahim Kalın da sosial şəbəkədə “Bir millət, iki dövlət, bütün dünyaya örnək” paylaşımını edib. 
İctimaiyyət nümayəndələri və siyasi şərhçilər hesab edirlər ki, ixtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə belə açıq danışmaqla Azərbaycanın milli maraqlarının ən vacib məsələ olduğunu, qapalı və qaranlıq heç bir məqam olmadığını dünyaya nümayiş etdirdi. 

Millət vəkili Sahib Alıyev vurğulayıb ki, Prezident İlham Əliyevin yunan səfirinə dedikləri Azərbaycanda və Türkiyədə əsl emosiya partlayışı yaradıb. Çünki çox az hallarda hansısa dövlətin başçısı digərinin təmsilçisiylə görüşdə diplomatik ibarələrə varmadan qarşı tərəfin “düşmən” gözündə gördüyü Türkiyənin yanında olduğunu və olacağını bəyan edir. Hətta deyilənlər kameralar qarşısında səsləndirilmir:


“Xarakter baxımından yetərincə səbrli və soyuqqanlı olması ilə fərqlənən, təcrübəli dövlət adamı kimi emosional çıxış və hərəkətlər Azərbaycan Prezidentinə yaddır və o, populizmdən uzaqdır. Dövlət başçısının Yunanıstan səfirinə dedikləri təkcə rəsmi Afinaya qarşı yönəlməyib.

Şərqi Aralıq dənizində Türkiyə Yunanıstanla yanaşı, Minsk Qrupuna həmsədrlik edən Fransa və başqa Qərb ölkələri ilə də üz-üzədir. Regiona böyük həcmdə qüvvə yeridən və İtaliya, Yunanıstan, Rum Kipri ilə birgə hərbi təlimlər keçirən Fransa digər Avropa dövlətlərinə də təzyiq edərək, Türkiyəyə qarşı sərt mövqe ortaya qoymalarını istəyir.

Belə həlledici dönəmdə Azərbaycan Prezidentinin prinsipial mövqe ortaya qoyması, fikrimcə, İtaliyanın və Avropanın bir çox digər dövlətlərinin gələcək davranışlarına təsirsiz ötüşməyəcək. Deməli, cənab İlham Əliyevin sözləri Şərqi Aralıq dənizində Türkiyəyə qarşı gövdə göstərənlərin hamısına “Mən qardaşımın yanında olacağam” ismarıcıydı”. 

AĞ Partiya sədrinin müavini, “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli də Prezident İlham Əliyevin “Bütün məsələlərdə Türkiyənin yanında olacağıq” mesajını çox müsbət və zəruri məqam kimi dəyərləndirib. Politoloq vurğulayıb ki, Türkiyə və Azərbaycan bir ananın iki övladıdır:

“Türkiyə ilə qan, dil, din, torpaq bir qardaşlarıq! Həmişə, hər yerdə birgə, çiyin-çiyinə addım atırıq və atmalıyıq. Qardaş Türkiyənin dəstəyi ilə tezliklə ərazi bütövlüyümüzə nail olan kimi ilkin addımlarımızdan biri Şimali Kipr Türk Cümhuriyyətini tanımağımız olacaq. Artıq mövqe qoymaq vaxtıdır, risk etməyi bacarmalıyıq. Azərbaycan da qaliblər arasında olmalıdır”. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da qeyd edib ki, Prezident çıxışında abstrakt ifadələri və süni diplomatik nəzakət tonunu bir kənara qoyub məlum ölkənin səfiri ilə kifayət qədər açıq söhbət etdi. Səfirə ölkəsinin yürütdüyü qərəzli və qeyri-adekvat siyasətlə bağlı iradlarını bildirdi:

“Dövlət başçısının yunan səfirlə söhbətində qardaş Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər isə tarixə damğa vuran ifadələrdir. Ölkə başçısı Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu təkcə yunan səfirə deyil, bütövlükdə hər kəsə bəyan etdi. Bu, sıradan çıxış deyildi və tarixdə böyük qətiyyət və siyasi iradə nümayişi kimi qalacaq.

Bir-birinə qardaş deyən ölkələrin liderləri həlledici məqamlarda məhz bu cür prinsipial mövqe sərgiləməli və qardaş ölkələri müdafiə etməlidirlər. Təkcə Azərbaycanla Türkiyə deyil, digər türk cümhuriyyətləri də həm Türkiyə və Azərbaycanı, həm də biri-birlərini bax bu cür dəstəkləməlidir”. 

Ə.Hüseynov təəssüflə qeyd edib ki, Orta Asiyanın türkdilli respublikaları (Qazaxıstanı çıxmaq şərtilə - red) indiyə qədər nə Qarabağ məsələsində, nə də Ermənistanın qondarma “soyqırımı” ittihamına qarşı mübarizədə Azərbaycan və Türkiyəyə dəstək veriblər:

“İndi birlik, həmrəylik zamanıdır. Türk Şurasına daxil olan ölkələrin hər biri lazımi anlarda iradə və cəsarət nümayiş etdirməli, həm siyasi, həm də mənəvi dəstək verməlidirlər. Ölkə başçısı İlham Əliyev öz çıxışı ilə bir daha bu dəstəyin real nümunəsini ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər qardaşlığın və həmrəyliyin təntənəsi idi”.