İki türk dövləti "şərti düşmən"ə çevrilir

Qazaxıstan və Qırğızıstanın Ermənistanda keçiriləcək hərbi təlimlərə qoşulması təəssüf doğurur

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər Ermənistanda iki hərbi təlim keçirəcəklər. Bunlar üzv dövlətlərin kəşfiyyat qüvvələrinin “Poisk-2020” xüsusi təlimi, habelə qurumun Çevik reaksiya qüvvələrinin “Qarşılıqlı əməkdaşlıq-2020” adlı komanda-qərargah təlimləridir. Qeyd olunan təlimlər “Bağramyan” poliqonunda baş tutacaq. Sözügedən təlimlərə iki türk ölkəsi – Qazaxıstan və Qırğızıstan da qatılacaq. Təəssüf doğuran məqam isə hər iki türk respublikasının hərbi təlimlərdə “şərti düşmən” kimi iştiraka razılıq verməsidir. 

Təlimlərlə bağlı “Şərq”ə danışan Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib ki, “Bağramyan” poliqonu Türkiyəyə yaxın bölgədədir.
Ekspertin fikrincə, məkan seçimi mesaj xarakteri daşıyır. Politoloq bildirib ki, kəşfiyyat qruplarının və çevik qoşunların iştirakı ilə baş tutacaq “sərhədyanı ərazilərdə münaqişələrin qarşısının alınması” adlı təlimlərdə Qazaxıstan və Qırğızıstan kimi dövlətlərin iştirakı birmənalı qarşılanmır: “Hər iki türk respublikası təlimlərdə “şərti düşmən” rolunda çıxış edəcək. Adı və məqsədləri bəlli olan bu təlimlərdə “şərti düşmənlər”in 2 türk dövləti seçilməsi Astana və Bişkək üçün əsas çəkindirici şərt olmalı idi.

Əfsuslar olsun ki, adıçəkilən dövlətlər bu cür incə nüanslara yetərincə diqqət yetirmirlər. Ümid edirik ki, təlimlərin başlayacağı ərəfədə Ermənistan tərəfinin müharibə hazırlığı, Rusiyanın Ermənistanın müdafiəsi üçün silah arsenalını yeniləməsi diqqətdən kənarda qalmayacaq.

100 il əvvəlki proseslərin oxşarı bu ilin əvvəlindən təkrarlanır. Yaxın 5 il ərzində bölgədə ciddi dəyişikliklər baş verəcək. Brestdən başlayan Belarusun Rusiyaya siyasi-iqtisadi ilhaqı sürətlənib yekunlaşandan sonra növbə Qazaxıstana çatacaq”.