Kreml hər zaman aqressiv siyasətə meyillənir

Türkiyənin Cənubi Qafqazda mövqeyini gücləndirmək kursuna Moskva terror təşkilatları ilə əməkdaşlıqla cavab verir

“Türkiyənin Cənubi Qafqazda mövqeyini gücləndirmək kursuna Moskva PKK terror təşkilatının Suriya qolu - YPG ilə əməkdaşlıq etməklə cavab verdi”.
Bu sözləri “Şərq”ə Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. Politoloq vurğulayıb ki, bu, Moskvanın Türkiyəyə qarşı təzyiq siyasətidir: “Rusiya PKK və YPG-ni terror təşkilatı kimi tanımır və Moskvada bu qruplaşmanın nümayəndəliyi açılıb.

Hətta Suriyada Türkiyə ilə birgə kordinasiyalı fəaliyyət göstərən Rusiyanın terror təşkilatına maliyyə və silah göndərməsi də mümkündür. Bir müddət sonra, Türkiyə hərbiçilərinə qarşı terror hücumlarının məhz YPG tərərfindən həyata keçiriləcəyinin şahidi ola bilərik”. 



Analitik bildirib ki, Suriya kürdlərinin Rusiya ilə danışıqlara getməsi yeni himayədar axtarışıdır:

“Amerika YPG-nin Türkiyəyə qarşı terror hücumlarına bir müddətdir ki, icazə vermir. Bundan istifadə edən Rusiya sözügedən təşkilatı Türkiyəyə qarşı yönləndirə bilər. Ancaq terrorçuların Türkiyə Silahlı Qüvvələrinə silahlı hücumu baş verərsə, onları türk ordusunun əlindən Moskva da ala bilməyəcək”.

Siyasi şərhçinin sözlərinə görə, Ankaranın Cənubi Qafqaza gəlişi, Azərbaycanla sıx hərbi ittifaqı Moskvanı narahat etməkdədir: “

Türkiyə NATO ölkəsidir və qardaş ölkənin Azərbaycanda hərbi cəhətdən güclənməsi gələcək perspektivdə NATO-nun regionda olması deməkdir. Göründüyü kimi Rusiya həm Türkiyəyə, həm də Azərbycana qarşı onun düşmənləri ilə sıx müttəfiq əlaqələrinə malikdir. Rəsmi Bakı və Ankara qonşu Rusiya ilə xoşməramlı siyasətə üstünlük versə də, Kreml hər zaman aqressiv siyasətə meyillənir”.