İctimai cəzalar hörmətə minir

Karantin cəzasını ödəyə bilməyənləri pambıq yığmağa göndərirlər, biz də fikirləşməliyik

Əliməmməd Nuriyev: "Pul cərimələri bizim əhaliyə daha çox təsir edir. Amma bu da var ki, imkanlı şəxslər üçün 400 manat heç nədi, tum puludu"

Azər Həsrət: "Karantin qaydalarını pozanlarla bağlı təklif edirəm ki, polis orqanları onları bir yerə toplayıb demonstrativ şəkildə seminar keçirsin"


Türkmənistan karantin qaydalarını pozanları ekzotik cəzalandırır. Söhbət Türkmənistandan gedirsə, əlbəttə, təəccüblü deyil. Nədən ibarətdir ekzotik cəza  - pambıq toplamaqdan. Marı vilayətində maska rejimini pozan, amma cəriməni ödəyə bilməyən şəxslər pambıq yığımına göndərilir. Bayraməli şəhərinin 30-a yaxın sakini bu cür işlərə cəlb olunub. Qeyd olunur ki, cərimələnən şəxs günə 20 kiloqram pambıq yığandan sonra pasportunu polis tərəfindən geri ala bilər.

Ölkədə maska rejiminin pozulmasına görə cərimə 60 türkmən manatı və ya 17 dollardır. Maraqlı həm də budur ki, bugünədək Türkmənistanda koronavirusa yoluxma halı barədə heç bir məlumat verilməyib, amma ölkədə maska taxmaq tələbi var və bir sıra müəssisələrin işi məhdudlaşdırılıb.

İctimai cəzalar qanunlara hörmətlə yanaşılmasında effektiv üsuldurmu? Məlumdur ki, sovet vaxtında da ictimai cəza növləri vardı. Bu növ cəzaları özünü kommunist ideologiyasına, “SSRİ vətəndaşı” adına “layiq aparmayan”lara ictimai cəzalar tətbiq edilirdi. Necə deyərlər, ağılları başlarına gəlsin deyə.

Hüquqi dövlətlərdə cəzalar inzibati xətalar və ya cinayət məcəlləsinə görə tətbiq edilir. Azərbaycanda da hüquqi dövlət olaraq konkret əmələ görə konkret cəza növü nəzərdə tutan məcəllələrin tələblərinə uyğun davranılır.

Bəzi hallarda bunun şahidi olmuşuq ki, konkret şəxslər barəsində ictimai cəza növü tətbiq edilib və onlar ictimai işlərə cəlb ediliblər. Hazırkı pandemiya dövrü isə cəzalanma məsələlərində xüsusi həssaslıq tələb edir. Karantin rejimi qaydalarının pozulmasına görə cəzalar müəyyənləşib.

Fiziki və hüquqi şəxslərin cərimə məbləği, həmçinin, tələb olunan yerlərdə qoruyucu maskalardan istifadə edilməməsinə görə də konkret cərimələr var.

Amma onu da müşahidə edirik ki, cəzalara, cərimələrə baxmayaraq karantin qaydalarının pozulması baş verir. Kimisi qaydaları bilərəkdən, saymazyana şəkildə pozur, kimisi məlumatsızlıqdan. Lakin məsuliyyətsizlikdən qayda pozuntularına yol verənlər daha çoxdur.

Məsələn, artıq 7-ci aydır ki, ölkədə karantin rejimi tətbiq olunur, vətəndaşlardan qoruyucu maskalardan istifadə etmək, sosial izolyasiya qaydaalrına riayət etmək tələb olunur. İlk mərhələdə tibbi maskalar məcburi deyildi, tövsiyə xarakteri daşıyırdı, lakin yoluxma sayı artdıqca tövsiyələr tələbə çevrildi və hazırda ictimai nəqliyyatda maskasız hərəkət etmək qadağandır və buna yol verənlərə qarşı cərimə tətbiq olunur.

Bununla bağlı Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik edilib. Lakin, hələ də məsuliyyətsiz vətəndaşlara rast gəlinir. Avtobus sürücüləri qadın-kişi, qoca-cavana “maskanı tax”, “maskanı qaldır” (yəni, çənənin altından burnunun üstünə çıxart) deməkdən yorulur. Bəzilərisə tövürlərini heç pozmurlar? Belələrini “pambıq yığmağa” göndərəsən, göndərməyəsən?!.

Bu mənada ictimai cəza növləri effektiv üsuldurmu? Suala cavabında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, AR CM-də 139.1-ci maddə ictimai işlərə cəlbetmə maddəsi var. Bu maddənin şəxsə tətbiq edilməsi törətdiyi əməlin növündən asılı olur. Təcrübədə belə hallar  görünüb:

- Məlumdur ki, karantin rejimi qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulur. 400 manatdan başlayaraq daha yuxarı hədlərdə cərimələr tətbiq edilir. Fiziki şəxslərlə hüquqi şəxslərin cərimə miqdarı fərqlidir. Türkmənistanda qaydaları pozanları pambıq toplamağa göndərirlər, hesab edirəm ki, bu, pambıqçılara hörmətsizlikdi. Türkmənistanda, həmçinin Orta Asiyanın digər respublikalarında pambıq strateji məhsuldu, kənd təsərrüfatının, ümumilikdə iqtisadiyyatın əsas sektorudur. Pambıq yığmağa cəza növü kimi baxmaq yanlışdır. Digər tərəfdən bu, insan hüquq və azadlıqlarına da ziddir. Hər bir cəzanın hüquqi bazası olmalıdır. Cəzalar hüquqa söykənməlidir. Yoxsa ki, qaydanı pozmusan, get pambıq yığ, filan işi gör, bu, feodal düşüncə tərzidir. Türkmənistanda belə qərarların qəbulu əslində, təəccüblü deyil. Amma ümumilikdə inzibati cəza növü kimi ictimai işlərə cəlbetmələr təsirli olur. Bu, ictimai qınağın yaranması baxımından da faydalıdır. İctimai işlərdə çalışmaq inzibati cəza növü kimi təyin edilə bilər. Lakin hər bir cəza törədilən əmələ uyğun, əməllə cəza bir-birinə proporsional olmalıdır. Bizdə qayda pozuntularına görə konkret cərimələr tətbiq edilir. Bizim insanlar maddiyyat məsələsində bir qədər həssasdılar. Pul cərimələri bizim əhaliyə daha çox təsir edir. Amma bu da var ki, imkanlı şəxslər üçün 400 manat heç nədi, tum puludu. Maddi cərimələrin təsir etməyəcəyi halda, alternativ cəzalar nəzərdə tutula bilər. Bu zamansa həmin adamların davranışı, ictimai mövqeyi nəzərə alınmalıdır. Cəmiyyətdə müəyyən mövqeyə sahib insanlar ictimai işlərə cəlb edilmək istəməzlər. Bunu özləri üçün əskiklik sayacaqlar. Bilsələr ki, ictimai işlərə cəlbetmə cəzası da var, bəlkə bir az ehtiyatlı olar və davranışlarına diqqət edərlər. İctimai qınağa və ictimai müzakirəyə səbəb olmaq baxımından ictimai cəza növləri faydalı ola bilər. 

Əməkdar jurnalist Azər Həsrət “Şərq”ə açıqlamasında ictimai cəzaların effektinin kimə qarşı, hansı halda tətbiq ediləcəyindən asılı olduğunu dedi: 

- Cəza növü kimi ictimai işlərə cəlbetmə  baxır hansı məsələdə, kimə qarşı tətbiq edilir. Mən təklif etmişdim ki, “avtoşluq” edənlərə qarşı ictimai cəza tətbiq olunsun, belələri şəhərin mərkəzi küçələrini süpürməklə cəzalandırılsın. Çünki bu adamlara cərimə təsir etmir.

Əksəriyyəti varlı təbəqəyə mənsubdu, özlərindən razı, müştəbeh adamlardı, onlar üçün hansısa cərimə məbləğini ödəmək asan bir işdi. Pulları çoxdu. İctimai rəyə meydan oxuyan bu cür adamlar küçə süpürməyi təbii ki, özləri üçün alçaqlıq hesab edəcək. Belə adamlara qarşı ictimai cəza növü tətbiq etmək faydalı olar. Amma türkmənlər üçün pambıq yığmaq çətin deyil ki. Bu, onların əsas məşğuliyyətidir.

Öz vətənləridi, gedib pambıq yığacaqlar, dövlətlərinə xeyir verəcəklər. Karantin qaydalarını pozanlarla bağlı təklif edirəm ki, polis orqanları onları bir yerə toplayıb demonstrativ şəkildə seminar keçirsin. Bu insanlar bəlkə də cahillikdən tibbi maska taxmaq istəmirlər. Bu adamlara pandemiya, koronavirus təhlükəsi barədə seminar keçmək, onları maarifləndirmək lazımdı. Bilsinlər ki, maska taxmaq niyə tələb olunur, maska nə üçündü.

Məncə, o adamlar cahildilər. Döymək, söymək, cəza vermək, faydasızdı. Əksəriyyət, təhlükənin masştabını anlamadığına görə qaydaları pozur. Amma bu adamlar üçün seminar təşkil edilsə və bu, ictimaiyyətə nümayişkaranə şəkildə təqdim edilsə, cahil hesab edilməkdən çəkinəcəklər və qaydalara riayət etməyi üstün tutacaqlar. Yəni, tərbiyələndirici metodlara üstünlük verilməlidir.

Düz deyirsiniz, avtobuslarda sürücülər sərnişinlərlə az qala dalaşırlar ki, maska taxın. Sürücü belə halda avtobusu saxlasın, sürməkdən imtina etsin. Sürücü kabinəsindən enib kənarda dayansın, sərnişinlər də bilsin ki, avtobus kimin ucbatından dayanıb. Avropa ölkələrində sürücülər belə hərəkət edir.

Bizdə bu qayda hələ formalaşmayıb. Amma formalaşması lazımdır və gərəklidir. İnsanlarımız vətəndaş məsuliyyətinin nə demək olduğunu bilməlidirlər.