Avtobusda olaylar səngimir...

Heç bir sürücünün sərnişini təhqir etməyə haqqı yoxdur

"Nə olursa-olsun, sürücü iş başında təmkinini qorumalıdır. Xüsusən də əgər qarşısındakı qadındırsa"


Bu gün (dünən) səhər saatlarında Mərkəzi Bankın yaxınlığındakı dayanacaqda 2 saylı “BakuBus” avtobusunun sürücüsü sərnişinləri təhqir edib.
Bu barədə hadisə şahidi Nadir Axundov Baku.ws-ə məlumat verib.
Paytaxt sakini bildirib ki, mübahisə sürücünün dayanacaqda dayanmasına baxmayaraq, qapını açmaması səbəbindən yaranıb:

“Sərnişinlər buna etiraz etdikdə, sürücü onları təhqir edib. Bununla kifayətlənməyən sürücü avtobusdan aşağı düşərək əl-qol hərəkətləri ilə qadınla uca səslə danışmağa başlayıb. Digər sərnişinlər məsələyə müdaxilə etdikdə isə sürücü onları da təhqir edib. Sürücü sonradan qabaqdangəlmişlik edib, dispetçerlə əlaqə saxlayıb. Sürücü sərnişinlər tərəfindən söyüldüyünü deyib”.

Videoda aydın görünür ki, sürücü sərnişin qadınla əl hərəkətləri ilə, kobud  danışır, arxayıncasına “hara istəyirsən, get de”, söyləyir.  



Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Şərq”ə açıqlamasında sürücülərdən ilk növbədə səbirli, təmkinli olmaq, sərnişinlərlə mədəni davranmaq tələb edildiyini bildirdi:

- “BakuBus” sürücüləri həm professionallığa görə, həm də davranışları, sərnişinlərə münasibət baxımından digər daşıyıcı şirkətlərin sürücülərindən yaxşı mənada fərqlənir. Doğrudur, son vaxtlar digər daşıyıcı şirkətlər də sürücü kontingentlərini yeniləmyə cəhd edirlər. Anlayırlar ki, normal sürücü normal daşıyıcı deməkdir.

Belə sürücüdən şikayət daxil olmayacaq, sərnişinlər razı qalacaq, avtobus da xarab olmayacaq, nə əmlaka, nə də şirkətə ziyan dəyəcək. Son zamanlar sürücü-sərnişin davalarının az çahidi oluruq, lakin görürük ki, bəzən xoşagəlməz hallar yenə yaşanır. Mən də o videonu izlədim. Təbii ki, sürücünün kobud rəftarı yolverilməzdir.

Nə olursa-olsun, sürücü iş başında təmkinini qorumalıdır. Xüsusən də əgər qarşısındakı qadındırsa. Ümumiyyətlə, kim olur-olsun, sürücü sərnişinlərlə etik normalar daxilində davranmalıdır, kobudluq etməməlidir.

Biz bilmirik, orada mübahisə nədən yaranıb. “BakuBus” avtobuslarında salon daxilində müşahidə kameraları var. İndi, ümumiyyətlə əksər avtobuslar müşahidə kameraları ilə təmin edilib.

O cümlədən də “BakuBus”lar. Yəqin ki, şirkət rəhbərliyi videokameraları incələyəcək, hadisənin hansı səbəbdən baş verdiyini müəyyənləşdirəcək. Videokameralar hadisə barədə hərtərəfli məlumat verəcək rəhbərliyə. Sürücü günahkardısa, cəzalanmalıdır.

“BakuBus”larla bağlı da şikayətlər olur, xüsusən, avtobusların dayanacaqdan sərt çıxmaları, idarəetmə ilə bağlı. Bu məsələləri şirkət rəhbərliyi aydınlaşdırmalıdır. Lakin heç bir sürücünün haqqı yoxdur ki, sərnişinlə kobud rəftar etsin.

Sərnişinin tələbi qanunsuzdursa, sürücü sakit şəkildə, təmkinlə qaydaya uyğun sükanı idarə etməlidir. Çünki onun təmkinsizliyi, sərnişinlə mübahisəsi yol hərəkəti qaydasının pozulmasına və hətta qəzaya səbəb ola bilər.