Modul tipli xəstəxanaların rolu: “Sağalanların sayı artıb” 

Prezident İlham Əliyev modul tipli növbəti xəstəxananın açılışında iştirak edib. Ölkə başçısı bildirib ki, yeni xəstəxanalar koronavirusla mübarizədə çox önəmli rol oynayır.

Prezident qeyd edib ki, ölkəmiz pandemiya ilə mübarizədə uğurlu fəaliyyət göstərir:

“COVİD-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirli və dəyərlidir.  Pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə mənfi təsirini azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Dövlət və özəl sektorda işləyənlər, işsizlər, qeyri-formal işləyənlər, aztəminatlı təbəqə dövlət tərəfindən maddi dəstəklə təmin edilib”.

Prezidentin çıxışını müsbət qiymətləndirən millət vəkili Məşhur Məmmədov “Sherg.az”a bildirib ki, ölkəmizdə koronavirusla bağlı atılan əsas addımlardan biri modul tipli xəstəxanaların tikilməsi oldu. Parlament üzvünün sözlərinə görə, modul tipli xəstəxanalar xəstəlikdən sağalanların çoxalmasına şərait yaratdı:

“Koronavirusla mübarizə tədbirlərinin ən vacib hissələrindən biri səhiyyə istiqamətindəki administrativ addımlar oldu. Cənab Prezidentin də qeyd etdiyi kimi,  dövlətimiz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.

Əhalinin evdə qalmasına şərait yaradılır. Dövlət müəssisələrində çalışanlar sosial paketlərə cəlb olunaraq evdə qaldılar.

Özəl sektorda çalışan işçilərin də müvafiq yardımla təmini böyük kütləni əhatə edir. Cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışları öz təsirlərini göstərdi. Vətəndaşlarımızın çağırışlara əməl etməsi müsbət nəticələrin əldə olunmasına imkan yaratdı.

Azərbaycan xalqı öz dövləti ilə həmrəylik göstərib ölkəmizin problemlərinin həllinə səy göstərdikcə, bütün çətinliklərin öhdəsindən gələ bilirik”.