Avropa da xəyanəti görəcək

Yunanıstan, Kipr, Ermənistanın birliyi çox çəkməyəcək

Prezident  İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolas Piperiqkosu qəbul edərkən, bir çox həssas məqama toxunub. Prezident vurğulayıb ki, Yunanıstan, Kipr və Ermənistanla birlikdə üçlü format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərirlər. Ölkə rəhbəri çıxışında Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlığın Azərbaycanda ciddi narahatlıq doğurduğunu bildirib. Prezidentin çıxışında həm xarici siyasət məsələləri,  milli maraqlarımız, həm də qardaş Türkiyəyə açıq dəstək ifadə edilib.

Politoloq Xəyal Bəşirov "Sherg.az"a  açıqlamasında  bildirib ki, bu gün Türkiyə dövlətinin həm regionda, həm də beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli dərəcədə artıb. Politoloqun sözlərinə görə, bu da bir çox dövlətləri, o cümlədən də Azərbaycanın düşmənlərinin keyfinə soğan doğrayıb:

"Prezident İlham Əliyev  bu dəfə də açıq və səmimi çıxışı ilə dövlətimizin mövqeyini ortaya qoydu. Prezidentin nümayişkaranə şəkildə Azərbaycanın bütün məqamlarda Türkiyənin yanında olacağı ilə bağlı fikirləri təbii ki, avropalı siyasətçiləri təəccübləndirməyə bilməzdi. Çünki Avropada bu cür açıq mövqe nümayiş etdirmək dəbdə deyil".  

X.Bəşirov vurğulayıb ki, Yunanıstan və Kipr kimi dövlətlərin Avropanın enerji xəritəsinin formalaşmasında ciddi önəm daşıyan Azərbaycana qarşı bu cür əsassız addımları nəticədə onlara zərərli olacaq: 

"Ölkəmiz ilə Türkiyə arasında qırılmaz bağlar var. Amma Yunanıstan, Kipr və Ermənistan arasında belə bağlar yoxdur və heç vaxt da olmayacaq. Çünki Ermənistan müttəfiqlərinə daim əlavə yük olub. Hesab edirəm ki,  bu üçlük müvəqqəti olacaq. Çox qısa zamanda Ermənistanın onlara qarşı ilk xəyanəti gözləniləndir".