Elnarə Abdullayeva xarici dillərdə əsərlər ifa edəcək?! - Açıqlama 

Elnarə Abdullayeva: "Nəsə planlaşdırsam, bilmək olmaz əlimdə qalar"

Mədəniyyətini, adət-ənənəsini dünyaya tanıtmaq hər bir xalq üçün vacib məsələlərdən sayılır. Millətin mədəniyyətini təcəssüm edən ən yaxşı sahələrdən biri, bəlkə də birincisi musiqidir. Nə xoş bizə ki, bənzərsiz musiqimiz, əvəzolunmaz sənət nümunələrimiz var. Tanrının Azərbaycan torpağına bəxş etdiyi muğam və saysız-hesabsız sənətkarlarımız incəsənətimizin düzgün təmsilində mühüm rol oynayır.
 
Lakin müasir dünyanın bir sıra tələbləri də var. Onlarla ayaqlaşmaq xarici auditoriyada çıxış etmək üçün əsas şərtdir. Təbii ki, söhbət ingilisdilli mahnılardan gedir. Estrada müğənnilərimiz zaman-zaman xarici dildə mahnılar yazdırır və ya hazır olanları ifa edirlər. Lakin milli musiqimizin nümayəndələrindən belə addımlar görmürük.  

Məsələn, muğam ifaçılarının xarici dillərdə əsərlər ifa etməsi daha maraqlı və cəlbedici olmazmı?

Sualımıza cavab tapmaq məqsədilə tanınmış xanəndə Elnarə Abdullayeva ilə əlaqə saxladıq. Məsələ ilə bağlı “Sherg.az”a danışan sənətkar pandemiyaya da diqqət çəkib:

“Mən kiməm, nə düşünə bilərəm? Ortada düşünməyə nə var ki? Hələ dayanmışıq, durmuşuq. Fikirləşmirik ki, muğamı belə oxusaq, xaricdə necə qulaq asarlar. Vallah, ağlımda bununla bağlı nə isə var, ya da bir iş görəcəm  desəm yalan olar. Pandemiya qurtarandan sonra Allah qismət eləsin hər şey düzəlsin, yol-iz açılsın.

Onda fikirləşmək olar. İndi heç nə düşünmürəm. Əziyyət çəkib planlaşdırsam neyləyəcəm? Əlimdə qalacaq. Bir yer açıq deyil ki, gedib, yazasan.  Beş nəfər bir yerə yığışa bilmir, adam pandemiyadan qorxur.

3 nəfər oturanda da görürsən ki, insanın qəlbində narahatçılıq yaranır. Düşünürsən ki,  birdən kimdəsə nə isə xəstəlik olar. Heç nə fikirləşmək olmur.  Amma fikrinizin üstündə qalın, özümüzə gələndən sonra çalışarıq ki, nə isə alındıraq”.