Təmaslar davamlı olarsa... 

"Problemlərin həlli, ictimai sektorun faydalı təkliflərinin qəbul edilməsi asanlaşar"

Prezidentin köməkçisi Hikmət Hacıyev ölkənin fəal qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirir. Ötən gün QHT-hökumət dialoqu çərçivəsində insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən 68 qeyri-hökumət təşkilat rəhbərləri ilə sayca 5-ci görüş baş tutub. Hikmət Hacıyev indiyədək QHT-lərlə keçirdiyi görüşlərdə 200-dən artıq təşkilatın iştirak etdiyini deyib. Vurğulanıb ki, milli maraqlarımızın yerli və beynəlxalq səviyyədə qorunmasında vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakı təmin edilməlidir. Bu cür dialoqların ictimai sektorun fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması baxımından xüsusi önəm daşıdığı bildirilib.

Prezidentin köməkçisi beyin mərkəzlərinin müəyyən dövlətlərin, regionun və dünyanın müxtəlif problemlərini tədqiq və təhlil edərək müvafiq təşkilatlara tövsiyələr verən əhəmiyyətli intellektual institutlar olduğunu bəyan edib. Azərbaycan QHT-lərinin də bu istiqamət üzrə ixtisaslaşmasının və xarici həmkarları ilə beynəlxalq əməkdaşlığı genişləndirməsinin vacib olduğunu deyib.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə “Şərq”ə açıqlamasında gözləntilərinin böyük olduğunu söyləyib. Görüşdə iştirak etmiş QHT rəhbərinin sözlərinə görə, bu prosesdə dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının üzərinə eyni səviyyədə məsuliyyət düşür:

“Müxtəlif sahələrdə ciddi islahatlar aparılır, ölkədə yeni siyasi konfiqurasiya formalaşır. Dövlət başçısı İlham Əliyev tərəfindən son vaxtlar xüsusi olaraq ictimai nəzarətin artırılması və müxtəlif dövlət qurumlarının QHT-lərlə əməkdaşlığı genişləndirməsi ilə bağlı çağırışları var. Ötən müddət ərzində cəmiyyətin müxtəlif sahələrində olan problemlərlə bağlı QHT-lərin təklifləri gündəmə gəlib. Vətəndaş cəmiyyətinin səsinin eşidilən və eşidilməyən vaxtları olub. QHT-lərin fəaliyyəti ilə bağlı yaranan çətinliklər illərdir qabardılır. Hesab edirəm ki, dialoq istiqamətində atılan addım əsas olaraq 2 istiqaməti ehtiva edir. Birincisi, QHT-lərin qarşılaşdığı problemlərin həlli və ölkədə vətəndaş cəmiyyətinin inkişafı məsələsidir. Fikrimcə, həm dövlət sektorunda, həm də özəl sektorda keyfiyyət baxımdan resursların inkişafı sürətlə aparılsa da, QHT sektorunun inkişafı həmin proseslərə adekvat deyil. Bunun da bir çox səbəbləri var. Əsas səbəb qeyri-hökumət təşkilatlarının maliyyə vəziyyətinin qənaətbəxş olmamasıdır”. 

C.Hüseynzadə vurğulayıb ki, QHT-lər strukturlaşmış qurum olaraq fəaliyyət göstərməkdə çətinlik çəkirlər:

“Ofis, insan resursları, avadanlıq və digər məsələlərdə ciddi problemlər var. İctimai iştirakçılıqla bağlı vəziyyət ürəkaçan deyil. Təklüləsizlik və milli maraqların qorunması nəzərə alınmaqla qanunvericilikdə yumşalmalar aparmaq vacibdir. Digər məqam isə vətəndaş cəmiyyətinin ölkənin inkişafında, bütün sahələrdə daha yaxından iştirakıdır. Birinci istiqamət üzrə ilkin müsbət nəticələr əldə olunmasa, ikinci istiqamət üzrə yeni çağırışlara qoşulmaq QHT nümayəndələri üçün çətin olacaq”. 

Birlik rəhbəri qeyd edib ki, görüşdə qaldırılan məsələlər Prezidentin köməkçisi tərəfindən diqqətlə dinlənilib: 

"Toplantıda ictimai-siyasi baxışından asılı olmayaraq, bütün maraqlı tərəflərin iştirakı təmin olunmaqla yanaşı, onlara çıxış üçün geniş imkan yaradıldı. Müsbət məqamlar da dilə gətirildi. Xüsusən QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən yaradılan "SƏLİS" xidməti müsbət addım kimi qiymətləndirildi. Dövlət qurumlarının bu sistemə inteqrasiyası arzu edildi.

Çıxışlarda əsasən narahatlıq doğuran problemlərə diqqət çəkildi. Əksər QHT nümayəndələri konkret təkliflərlə çıxış etdilər. Ümumi fikir ondan ibarətdir ki, belə təmaslar davamlı olsun.

Bu, təkcə QHT-lərin deyil, dövlət rəsmilərinin də fikridir. Təmaslar davamlı olarsa, dövlət rəsmilərinə əlçatanlıq yaranarsa, problemlərin həlli, ictimai sektorun faydalı təkliflərinin qəbul edilməsi asanlaşar. Ölkəmizin geosiyasi vəziyyəti tələb edir ki, milli maraqların qorunması ilə paralel, vətəndaş cəmiyyətinin inkişafı üçün əlavə imkanlar yaradılsın”.