Azərbaycan Avropanın enerji xəritəsini dəyişir

Cənub Qaz Dəhlizinin reallaşması ilə ölkəmiz 100 milyard dollardan artıq gəlir əldə edəcək

Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın TANAP vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb. Qaz Türkiyə-Yunanıstan sərhədində birləşən TAP kəməri ilə İtaliyaya çatdırılacaq. TAP-a sınaq məqsədi ilə, hətta xətdə qalacaq qədər qazın vurulduğu deyilir. Məlumat üçün deyək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq ildə 10 milyard kubmetr qazın Avropaya nəqli nəzərdə tutulur. Boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

TANAP ölkəmiz, bütövlükdə region üçün mühüm layihələrdən hesab olunur. Bu kəmər Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsi baxımından geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır. Ekspertlərin fikrincə, Azərbaycanın regiondakı rolunu və mövqeyini göstərən layihə dövlət gəlirlərimizin artmasına birbaşa təsir göstərəcək. 

TANAP-ın Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini “Şərq”ə dəyərləndirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, bu kəmər vasitəsi ilə mavi qazın Avropaya nəqli Cənub Qaz Dəhlizinin tam reallaşması baxımından mühüm hadisədir. İqtisadçı deputatın sözlərinə görə, bu, Cənub Qaz Dəhlizinin 4-cü fazasının istifadəyə hazır olması anlamına gəlir:

“Güman olunur ki, 2021-ci ilin birinci rübündə Azərbaycan öz mavi qazını Avropaya çıxara biləcək. Smeta dəyəri 38 milyard dollar olan layihə 7 ölkəni əhatə etməklə Avropanın enerji təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Türkiyəyə əlavə olaraq illik 7 milyard kubmetr mavi qaz nəql etmək niyyətindədir.

Avropa bazarına birinci mərhələdə 10, ikinci mərhələdə isə 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur. TAP-ın bir elementi olduğu Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31, 5 milyard kubmetr olacaq. Bolqarıstan daxili şəbəkə vasitəsi ilə Cənub Qaz Dəhlizindən illik 1,5 milyard kubmetr mavi qaz idxal edəcək. Mövcud qiymətlərlə Azərbaycan bu layihələrin reallaşmasından 100 milyard dollardan artıq gəlir əldə edəcək. Bu, eyni zamanda enerji gəlirlərimizin şaxələndirilməsi baxımından vacibdir. Enerji daxilolmalarında xam neftlə yanaşı, mavi qazın da payının artmasına imkan verəcək”. 

İqtisadçı bildirib ki, Avropa üçün yeni və alternativ kəmər olan TAP Azərbaycanın daha böyük coğrafi məkanda mövqeyinin güclənməsinə imkan verəcək:

“2021-ci ilin birinci rübündə TAP istifadəyə verilərsə, Azərbaycan ilkin mərhələdə 100 milyard kubmetr mavi qazı Avropaya çıxara biləcək. Mavi qaz hasilatımız artır. İllik 35 milyard kubmetr mavi qaz nəql edirik. Bu isə ondan xəbər verir ki, Azərbaycan növbəti illərdə nəzərdə tutulduğu kimi 100 milyard kubmetr qazı problem yaşamadan Avropa bazarına çıxarmaq imkanına malik olacaq”.