Xarici təşkilatlardan yardım gözləmək əbəsdir


"Ermənistanın cəbhə bölgəsindəki kəndlərimizdə yaratdığı su problemini özümüz həll etməliyik"

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Şurasının rəhbərliyinə Ermənistanın məkrli siyasətini ifşa edən məktub ünvanlayıb. Bəllidir ki, təcavüzkar Ermənistan işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə edir.

Düşmən tərəf çayların aşağı axarlarında məskunlaşmış əhalinin təsərrüfatla məşğul olmasını faktiki mümkünsüz edib. Qış aylarında Sərsəng su bəndinin qarşısı açılır, təsərrüfata yararlı torpaqlar süni sellə erroziyaya məruz qoyulur. Yay aylarında isə təsərrüfat suyuna ehtiyacın ən çox olduğu dövrdə suyun qarşısını kəsərək süni quraqlıq yaradılır. Beləliklə, kənd təsərrüfatına, eləcə də flora və faunaya ciddi zərbə vurulur. İcmanın məktubunda yuxarı Qarabağ bölgəsindən axan çayların qarşısının məqsədli şəkildə süni bəndlərlə kəsilməsi məsələləri öz əksini tapıb. AŞ PA baş verənləri yaxından izləməyə və təxirəsalınmaz addımlar atmağa çağırılıb. Vurğulanan problemlə bağlı indiyədək fərqli beynəlxalq qurumlara çoxsaylı müraciətlər ünvanlansa da, faydası olmayıb. 

Ermənistan tərəfinin Azərbaycana qarşı hərtərəfli təxribatları ilə bağlı “Şərq”ə danışan AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, torpaqlarımız işğal altında qaldığı müddətcə bu tipli problemlərin həlli mümkün deyil. Partiya sədrinin sözlərinə görə, öz problemimizi özümüz həll etməliyik, xarici təşkilatlardan yardım gözləmək əbəsdir:

“Dağlıq Qarabağ və ətraf rayonlarımızı düşmən işğalından azad etdikdən sonra ermənilərin bütün təxribatının qarşısı alınmış olacaq. Müraciətlər effektiv olmur, çünki bu məsələlərdə Avropanın ikili standartlar tətbiq etdiyi heç kimə sirr deyil. Odur ki, gecikmədən torpaqlarımızı azad etmək üçün bizə dost, qardaş olan ölkələrlə əməkdaşlıq etməliyik. Qarabağ məsələsində kimdənsə mədət ummaq, harasa məktub yazmaq müsbət nəticə verməyəcək. Yeganə çıxış yolumuz müharibəyə başlamaq və düşmənin dərsini verməkdir”.