Yunanıstan dialoqdan qaçır

NATO çalışır ki, mümkün toqquşmaların qarşısını alsın

"Qərb ölkələrinin hegemonluq dövrü arxada qalıb. İndiki Türkiyə ilə güc dilində danışmaq intihar etmək anlamına gəlir"

Brüsseldə NATO baş katibi Yens Stoltenberq Türkiyə ilə Yunanıstan arasında gərginliyin azalması və toqquşmaya çevrilməməsi üçün vasitəçilik təşəbbüsü göstərib. Stoltenberq deyib ki, Afina və Ankara Şərqi Aralıq dənizində toqquşma riskinin azaldılması üçün mexanizmin yaradılmasına, texniki danışıqların başladılmasına razılıq veriblər. Baş katib bəyan edib ki, Yunanıstan və Türkiyə dəyərli müttəfiqlərdir və NATO bütün məsələləri müzakirə etmək üçün vacib platformadır.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu baş katibin tərəfləri danışığa çağırdığını və Afinanın əvvəlcə buna razılıq verdiyini təsdiqləyib. Lakin Çavuşoğlu bildirib ki, razılaşma rəsmən açıqlanandan sonra Yunanıstandan təkzib xəbəri gəlib:

“Biz qətiyyən təəccüblənmədik. Təəssüf ki, Yunanıstan NATO baş katibini təkzib etdi. Halbuki, baş katib yalan danışmadı, yalançı məhz Yunanıstanın özüdür”. Yunanıstanın diplomatiyanın tərəfdarı olmadığını bildirən Türkiyə XİN rəhbərinin sözlərinə görə, bunun ən bariz nümunəsi Afinanın üzvü olduğu NATO-nu inkar etməsidir: “Yunanıstan haqsız olduğunu bilir və ona görə də dialoqdan qaçır”. 



Türkiyə və Yunanıstan arasında getdikcə gərginləşən qarşıdurma ilə bağlı fikirlərini “Şərq”ə danışan politoloq Natiq Miri bildirib ki, hərbi alyansın baş katibi tərəflər arasında hərbi toqquşmanın baş verməməsinə çalışır. Siyasi şərhçinin qənaətincə, Stoltenberqi narahat edən əsas məqam hər hansı qarşıdurma nəticəsində NATO-nun parçalanma təhlükəsi ilə üz-üzə qalacağı ehtimalıdır. Türkiyə bu qurumun ikinci böyük gücü sayılır və istənilən an təşkilatı tərk edə bilər:

“Yunanıstan Türkiyəyə cəmi 2 kilometr aralıqda yerləşən Meis adasına konvensiyada nəzərdə tutulandan qat-qat artıq silah və əsgər göndərib. Ankara hökuməti isə bununla bağlı sərt xəbərdarlıq edib. Aralıq dənizinin şərqində Yunanıstan gəmisi ilə Türkiyə gəmisinin qarşı-qarşıya gəlmə ehtimalı böyükdür. Afina hökuməti Aralıq dənizinin dibində tədqiqatlar aparan “Oruc Rəis” təchizat gəmisinə mane olmaq üçün bütün təxribatlardan istifadə edir. Xatırlayırsızsa, bir müddət əvvəl Fransa gəmisi də buna cəsarət etmişdi.

Türkiyəyə məxsus pilotsuz aparatlar və yeni texnoloji radar sistemləri qısa zamanda Fransa gəmisini sıradan çıxartdı. Fransızlar nə baş verdiyini belə anlamadılar və Avropa ölkələri Türkiyə ilə zarafat etməyin ağıllı iş olmadığını dərk etdilər. Qərb ölkələrinin hegemonluq dövrü arxada qalıb. İndiki Türkiyə ilə güc dilində danışmaq intihar etmək anlamına gəlir. İstənilən təxribata Türkiyə tərəfindən misli ilə cavab veriləcək. Bunun fərqində olan NATO-nun baş katibi çalışır ki, mümkün görüşmələrlə ehtimal edilən hərbi toqquşmaların qarşısını alsın”. 

N.Miri bəyan edib ki, Türkiyə Aralıq dənizindəki axtarışlarından geri çəkilməyəcək:

“Bu, sadəcə enerji məsələsi deyil, Ankaranın strateji hədəfidir. 2023-cü ilə qədər bu hədəflərə çatmaq qarşıya məqsəd qoyulub. Ortada həm də Türkiyə-Liviya dəniz anlaşması var. Türkiyə prezidenti cənab Ərdoğan çox iradəli, qətiyyətli liderdir. Dediyi sözdən vaz keçən siyasətçi deyil. ABŞ rəhbərindən tutmuş dünyanın bütün qlobal gücləri Ərdoğanın siyasi iradəsinə yaxşı bələddir. Bundan sonra Türkiyə yox, qardaş ölkənin qarşısında duran qüvvələr geri addım atacaqlar”.