“Prezidentimiz qardaş ölkəyə dəstəyini qəti şəkildə bildirdi”

Ötənlərdə Prezident İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib. Ölkə başçısı Azərbaycanın xarici siyasətini və milli maraqlarımızı səfirlərin diqqətinə çatdırıb. 
Prezident Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul edərkən olduqca açıq şəkildə ölkəmizin milli maraqlarına əsaslanan fikirlər səsləndirib. Dövlət rəhbəri Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində qətiyyətli mövqeyimizi ifadə edib:



Görüşlə bağlı “Sherg.az”a danışan siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Prezidentimiz Yunanıstanın səfiri ilə açıq danışaraq Azərbaycanın milli maraqlarının öndə olduğunu deyib:

“Cənab Prezident milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi. Ölkə başçısı Şərqi Aralıq dənizi regionunda  Yunanıstan və Türkiyə arasında davam edən  gərginlikdən də bəhs etdi. Prezidentimiz qardaş ölkəyə dəstəyini qəti şəkildə bildirdi”.

Baş redaktor vurğulayıb ki, cənab Prezidentin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət  nümunəsidir:

“Məhz xarici siyasətimizin düzgün müəyyənləşdirilən prinsiplərinin  nəticəsidir ki, ötən il VII Qlobal Bakı Forumunda dünyanın yeni xarici siyasəti Azərbaycanda müzakirə edildi. Ölkə başçısı həmin forumda bir daha bu mesajı dünyaya ünvanladı: “Biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq”.