“Prezident milli maraqlarımızı əzmkarlıqla müdafiə edir"

Prezident İlham Əliyevin Yaponiya və Yunanıstanın ölkəmizdəki yeni səfirləri ilə görüşü zamanı toxunduğu mövzular  və  fikirləri ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib.  Yunanıstanın ölkəmizdə təyin olunmuş yeni səfiri Nikolaos Piperiqkosla olduqca açıq danışan Prezident İlham Əliyev hər zaman olduğu kimi ölkəmizin milli maraqlarını önə çəkib,  vacib fikirlər səsləndirib.

Görüş zamanı ölkə başçısı Ermənistan, Yunanıstan və Kipr hərbi əməkdaşlığının Azərbaycanı narahat edən məsələ olduğunu  N. Piperiqkosun diqqətinə çatdırıb. 

Dövlətimizin rəhbəri qeyd edib ki, Ermənistan Xocalı soyqırımını törətmiş, bir milyon soydaşımızı öz yurdlarından didərgin salmış, mədəni-dini abidələrimizi dağıdan, etnik təmizlənmə siyasətini aparan və beynəlxalq hüquq və normalara məhəl qoymayan bir ölkə olduğundan onunla hərbi əməkdaşlığın edilməsi, xüsusilə Avropa İttifaqına daxil olan bir ölkənin olması bizim üçün arzuolunmazdır.

Ölkə başçısının  bu görüşdəki nitqinə diqqət çəkən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov  "Sherg.az"a deyib ki,  cənab Prezident hər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın geniş spektrlı və fəal siyasi dialoq olduğunu diqqətə çatdırıb: 

"Preziden  bu görüşdə bildirdi ki, "Yunanıstan, Kipr və Ermənistan üçlük formatı yaradaraq, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq ölkəmiz üçün ciddi narahatlıq yaradır.

Şərqi Aralıq dənizi mövzusunda Azərbaycan Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləməkdədir. Türkiyə həmişə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi Azərbaycanda hər zaman qəti şəkildə Türkiyənin yanındadır". 

Bu bir daha onu nümayiş etdirir ki, ölkə rəhbərimiz Azərbaycanın milli maraqlarını qətiyyət və əzmkarlıqla hər bir görüşdə müdafiə edir".

BNAM rəhbərinin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və olduqca mühüm bir nümunədir.