Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə hazırlığı yüksək səviyyədədir"

“Ermənistan torpaqlarımızı işğal altında saxlamaqla yanaşı yeni ərazilər ələ keçirmək iddiasındadır. Buna görə də, Azərbaycanı müharibə ilə hədələyir və cəbhənin müxəlif istiqamətlərində təxribatlar törədirlər. İyul hadisələri də bunu göstərdi ki, Ermənistan sakitləşmək, habelə torpaqlarımızdan da çıxmaq niyyəti yoxdur. Bütün dünya da birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu qəbul edir.  Amma Ermənistan kimə arxalanır bilinmir? Azərbaycan da bu məqsədlə erməni təxribatlarına son qoymaq üçün mütləq şəkildə hərbi əməliyyatlara başlamalıdır”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib. O diqqətə çatdırıb ki, ölkəmizin hərbi əməliyyatlar üçün kifayət qədər gücü var:

“İyul müharibəsi də göstərdi ki, ordumuzun gücü və qüdrəti qat-qat düşmən ordusundan üstündür. Tovuz müharibəsi və Aprel döyüşləri zamanı hərbiçilərimiz əsl qəhrəmanlıq nümunələri göstərdilər. Göründüyü kimi, gənclərimizin vətənpərvərlik hissləri, döyüş ruhu və müharibəyə hazırlığı yüksək səviyyədədir. Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığı heç kəs üçün sirr deyil. Türkiyə də ordumuzun gücünə  güc qatır. Buna görə də, Azərbaycan mütləq şəkildə hərbi əməliyyatlara başlamalı, düşmənə layiqli cavab verməlidir. Müharibəyə başlayarsa, qələbə mütləq Azərbaycanın olacaq”.