"Türkiyə Azərbaycana hərbi dəstəyini davam etdirməkdə qərarlıdır"

Son vaxtlar Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq istiqamətində xüsusi bir canlanma müşahidə edilir. 

 Bu canlanmanı  yüksək qiymətləndirən ölkə ictimaiyyəti iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığı bölgədə sülh və təhlükəsizliyin təminatı hesab edir. 

Millət vəkili Tamam Cəfərova da "Sherg.az"- a açıqlamasında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini deyib. 

Onun sözlərinə görə, iki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib: " İyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Bu dəfəki təlimlər daha geniş tərkibli şəxsi heyəti iştirakı və uzun müddətli olması ilə diqqəti cəlb edib. Bu təlimlərin başlanması zamanı Ermənistan Silahlı Qüvvələrində həyəcan siqnalı verilmiş və düşmən ordusunun hazırlıq səviyyəsi yoxlanılmışdır. Bu səviyyədə hərbi təlimlərin keçirilməsi həmçinin Ermənistanın havadarlarına da ciddi bir çağırış hesab edilir". 

Millət vəkilinin sözlərinə görə 2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi  baxımından böyük əhəmiyyət kəsb edir:

" Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur. Türkiyə hərbi potensialına görə, NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Belə bir zəngin potensiala malik qardaş ölkə ilə hərbi təcrübəni bölüşmək ölkəmizin xeyrinə hesab olunur. Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Eyni zamanda iki həftədən artıq keçirilmiş təlimlər və onun yekunlarının müzakirə edilməsi məqsədilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də Azərbaycana səfərə gəlməsi bir sıra nəticələrə gəlmək imkanı verir. Birincisi, Türkiyə regionda işğalçını cilovlamaq niyyətində olmasını gizlətmir və o regionda hərbi gərginlik yaratmaq niyyətində olanları belə hərəkətlərdən çəkindirməyə çalışır. Həmçinin də Türkiyə regionu Avropa enerji təsərrüfatı ilə bağlayan beynəlxalq neft, qaz və nəqliyyat arteriyalarının təhlükəsizliyini təmin etməyə səy göstərir". 

T. Cəfərovanın sözlərinə görə, qardaş ölkə Azərbaycan Silahlı Qüvvələrinin modern orduya  çevrilməsinin donoru kimi çıxış etməklə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə öz əhəmiyyətli töhvəsini verir:

"İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.  Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” – sözləri sadəcə, siyasi mesaj kimi qəbul olunmamalıdır. Dövlət başçısı tərəfindən səsləndirilmiş bu sözlər özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir və ümumən Azərbaycanın mövqeyini, gücünü,  beynəlxalq münasibətlər sistemində yerini və  Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür".