Deputatdan AFFA-ya “qırmızı vərəqə”: “Ciddi dəyişikliyə ehtiyac var”

“Xarici məşqçi gətirməklə nailiyyət qazanmaq mümkün deyil”

“Regionlarda futbolun inkişafına şərait yaratmaq, əvvəlki ənənəni bərpa etmək lazımdır”

Millətlər Liqasının C qrupunda mübarizə aparan millimiz ilk görüşündə məğlub olub. Yığmamız Lüksemburqla görüşdə 1:2 hesabı ilə uduzub. Görüşdə hesabı Ramil Şeydayev açsa da, rəqib sonda matçdan qələbə ilə ayrılıb. Azərbaycanlı azarkeşlər bu məğlubiyyəti qınaqla qarşılayıb, AFFA-nın yarıtmaz fəaliyyətini tənqid ediblər. Axı Lüksemburq İspaniya, Braziliya, Portuqaliya millisi deyil ki, hesabda öndə olduğumuz halda ona uduzmağımızı normal qarşılayaq...


 Millət vəkili Naqif Həmzəyev də məsələyə səssiz qalmayıb. O, “Sherg.az”a açıqlamasında regionlarda futbolun inkişafını zəruri hesab etdiyini deyib:

“Əksər sahədə uğurlu fəaliyyəti görürük. Lakin AFFA-da davamlı nailiyyətləri müşahidə edə bilmirik. Qələbələr təsadüfi xarakter daşıyır. Bilirsiniz ki, Gəncə idman mərkəzi olub, buranın çox güclü futbol ənənələri var.

Elə isə niyə “Kəpəz” əsas liqada oynamır? “Facebook” statusumda da yazdığım kimi, bəlkə də, AFFA-nı “Kəpəz”in ahı tutdu.

Xarici məşqçi gətirməklə nailiyyət qazanmaq mümkün deyil.

Ciddi dəyişikliyə ehtiyac var. Ən azından, yanaşma fərqli olmalıdır.  Firkimcə,  davamlı uğurları təmin etməkdən ötrü regionlarda futbolun inkişafına şərait yaratmaq, əvvəlki ənənəni bərpa etmək lazımdır. Təəssüf ki, AFFA bu işə lazımi səviyyədə dəstək göstərmir.

Həmçinin uşaq futbolunun tərəqqisinə yol açılmalıdır. Alternativ olmadığına görə, biz indiki oyunçularla kifayətlənirik. Halbuki futbolçular milliyə seleksiya yolu ilə cəlb edilməlidir”.