Payız-qış mövsümü gəlir ! – “Vətəndaşlarımız ehtiyatlı olmalıdırlar”

Karantin rejiminin uzadılması pandemiya ilə mübarizənin səmərəliliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, dünya ölkələri koronavirusla mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. 
Ölkəmizdə pandemiyanın geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Operativ Qərargah ölkəmizdə xüsusi karantin rejiminin sentyabrın 30-dək uzadılması haqqında qərar qəbul edib. Martın əvvəlindən başlayaraq virusla mübarizədə görülən işlər, dövlət siyasəti mühüm əhəmiyyətə malikdir.

Milli Məclisin deputatı Vüqar İskəndərov “Sherg.az”a ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlərin öz bəhrəsini verdiyini diqqətə çatdırıb. 

Parlament üzvü qeyd edib ki, Operativ Qərargah məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərar qəbul etməzdən öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir:

“Hər bir addımda əsas məqsəd insanların sağlamlığının qorunmasıdır. Qarşıdan payız-qış mövsümünün gəldiyini nəzərə alaraq vətəndaşlarımız daha ehtiyatlı olmalıdırlar.

Nəzərə alınmalıdır ki, payız-qış mövsümü, həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVID-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir.

Buna görə də hazırkı dövrdə ən başlıca vəzifə yeni növ koronavirus infeksiyasının yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir”.