Azərbaycan-Türkiyə tərəfdaşlığı genişlənsin!- “Media və QHT-lərin əməkdaşlığı..."

“Azərbaycan ilə Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır. Qardaş Türkiyənin iqtisadiyyatdan xarici siyasətədək hər sahədə əldə etdiyi uğurlara Azərbaycan ürəkdən sevinir. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir.

Bu baxımdan hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək”. 
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşündə bildirib.

Hikmət Hacıyev televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin, mütəxəssis mübadilə proqramlarının hazırlanmasının, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacağını bildirib.

Dünən olduğu kimi, bu gün də Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” şüarı altında hərəkət etdiyini, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin bu anlayışı, sadəcə, sözdə deyil, əməldə də dünyaya nümayiş etdirdiklərini deyən Fəxrəddin Altun bütün sahələr üzrə əlaqələrin, o cümlədən beynəlxalq və regional mövzularda iki ölkənin qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.



 H.Hacıyevin Türkiyəyə səfəri və iki qardaş ölkə arasındakı əməkdaşlıq barədə “Sherg.az”a danışan millət vəkili Asim Mollazadə bunun xüsusilə indiki vaxtda vacib olduğunu düşünür:

“Dövlətlər arasındakı əməkdaşlığın genişlənməsinə böyük potensial var. Fikrimcə, strateji proyektlərlə yanaşı, digər layihələrdə də əməkdaşlığımız güclənə bilər. Hətta bu tərəfdaşlığın təkcə ikitərəfli yox, üçtərəfli müstəvidə də davam etməsi mümkündür.

Belə ki, Gürcüstan tərəfi aqrar sahədə üçtərəfli əməkdaşlıq məsələsini gündəmə gətirib. Mən bu təşəbbüsü müsbət qiymətləndirirəm. Azərbaycanın Türkiyə ilə birgə əməkdaşlıq istiqamətində çox işlər görə biləcəyini xüsusi vurğulamaq istəyirəm.

Bu əməkdaşlıq təkcə hamıya məlum olan istiqamətlərdə, yəni təhlükəsizlik, hərbi hazırlıqla kifayətlənməməlidir.

Tərəfdaşlıq çoxşaxəli olmalıdır. Tarixi həqiqətləri dünyaya çatdırmaqdan ötrü media qurumlarının, QHT-lərin əməkdaşlığına ehtiyac var. Ümidvaram ki, Hikmət Hacıyev səfər çərçivəsində sözügedən məsələlər ətrafında müzakirələr aparacaq”.