Ukraynanın Azərbaycana jesti ALQIŞLANDI: “...Problemimiz eynidir”

“Hər iki dövlət ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir”

Bu günlərdə  Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım aksiyası keçirilib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı və təşəbbüsü ilə keçirilən aksiya zamanı hava balonunun üzərinə “Qarabağ Azərbaycandır!” şüarı yazılaraq səmaya buraxılıb. Hava şarını Kiyev və Jitomir şəhərlərindən müşahidə etmək mümkün olub. 
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov mətbuata açıqlamasında bildirib ki, bu cür aksiyaların məqsədi Ukrayna cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaqdır. Onun sözlərinə görə, bu cür aksiyalar davamlı keçiriləcək.
Ukrayna sakinləri hava şarını bir saata yaxın müşahidə edə biliblər.



Politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında Ukraynanın sözügedən təşəbbüsünü yüksək qiymətləndirib:

“Əlbəttə, müsbət jestdir. Belə hallarda emosional yanaşma rasional mövqedən önə keçir. Ukrayna ilə bizim problemimiz eynidir. Hər iki dövlət ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir.

Məni təəssüfləndirən məqam Ukraynadakı bəzi qüvvələrin ölkəmizə və oradakı soydaşlarımıza olan arzuedilməz münasibətidir.

Əgər 15 il əvvəl, yəni MDB dövründə ölkələr analoji addımı atıb, seperatizmə qarşı birləşsəydilər, Ukraynanın başına indiki problemlər gəlməzdi.

Amma bir az geciksə də, belə jestlər bütün hallarda alqışlanmalı və təqdirəlayiqdir”.