Prezident İlham Əliyev Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub. Ölkə başçısı təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. Cənab Prezidentin ölkəmizdə müasir təhsil infrastrukturunun yaradılması istiqamətindəki siyasəti göz qabağındadır. 2003 cü ildən sonrakı dövrdə tikilən və əsaslı bərpa olunan təhsil ocaqları və bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Yeni tədris ilinə dair lazımlı işlərin görülməsi üçün ölkə başçsı xüsusi göstəriş verir, aparılan işlərlə şəxsən tanış olur.
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov da “Sherg.az”a bildirib ki, ölkəmizdə son 10 ildə cənab Prezidentin birbaşa iştirakı və Heydər Əliyev fondunun təşkilatçılığı ilə 3 mindən çox məktəb binası ya yenidən tikilib, ya da tam şəkildə bərpa olunub.
Ekspert qeyd edib ki, bərpa olunan məktəblər müasir vəziyyətə gətirilib və bugünkü təhsilə tam uyğunlaşdırılıb:
“Təhsil 3 komponentdən ibarətdir: təhsil alanlar, təhsil verənlər və məkan. Bu gün orta ümumtəhsil məktəblərimizdə təhsil alan 1.6 milyon şagird var. Deməli, tam şəkildə keyfiyyət mövcuddur.
Təhsilin 2-ci komponenti olan, bilikli və bacarıqlı 151 min müəllimimiz var. Etiraf edək ki, Azərbaycan müstəqillik əldə edəndən sonra məcburi köçkünlər, Qarabağ müharibəsi və digər məsələlər məktəblərin təmirinə diqqəti müəyyən qədər azaltmışdı. Amma Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra bu sahədə çox ciddi irəliləyiş oldu”.
K.Əsədov vurğulayıb ki, təhsilin keyfiyyəti üçün məktəb ən vacib amildir:
“Düzdür, son 7 il ərzində məhz müəllimlərin iş keyfiyyətinin artırılması üçün keçirilən Müəllimlərin İşə Qəbul İmtahanı təhsilin keyfiyyətini artıran birbaşa amildir. Dövlət şagirdinə pulsuz kitab verir, müəllimini seçib işə götürür və onlara yaxşı məktəb binası verir. Bu gün Azərbaycan təhsilin əlçatanlılığına və əhatəliliyinə görə, dünyada ilk yerlərdən birini tutur.
Ölkəmiz hazırda savadlılığına görə də dünyada ilk yerlərdədir. Çünki dövlətimiz sosialyönümlü siyasət yürüdür. Əvvəllər qəzalı vəziyyətdə olan məktəblərdə təhsil almaq çox təhlükəli idi. Keyfiyyətli təhsildən də danışmaq olmurdu.
Artıq təkcə paytaxtımızda yox, ən ucqar dağ kəndində belə müasir standartlara cavab verən məktəblər tikilib və təmir edilib. Ümumiyyətlə, məktəblərin tikilməsi və təhsilə diqqət dövlətin gücünü göstərən amildir”.