“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi imkan verdi ki...” – AKTUAL 

“Dağlıq Qarabağ məsələsi təşkilat çərçivəsində üzv dövlətlərin dəstəyini qazansın”



2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının dövlət başçılarının Bakı sammiti keçirildi. 2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət başçıları səviyyəsində Zirvə görüşü baş tutdu. Zirvə görüşündə ölkə başçısı Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pendemiyaya qarşı dövlət səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi.

Cənab Prezidentinin xüsusi sessiyanın çağırılması təşəbbüsü ümumən dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi. Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyini alqışlayır. Təkcə bu il Qoşulmama Hərəkatı Ermənistanın işğal olunmuş ərazilərimizdə təşkil etdiyi “seçki şousu”nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bildirib və Ermənistanın Tovuzda törətdiyi təxribatı pisləyib.



“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun “Sherg.az”a açıqlamasına görə, ölkəmiz Qoşulmama Hərəkatına üzv olmaqla bir çox dövlətlə həm ikitərəfli, həm də təşkilat çərçivəsində əməkdaşlığı genişləndirmək imkanı qazandı. 

Analitik bildirib ki, Zirvə toplantısının paytaxtımızda keçirilməsi Azərbaycana imkan verdi ki, Dağlıq Qarabağ məsələsi təşkilat çərçivəsində üzv dövlətlərin dəstəyini qazansın:

“Sənəddə də Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə vurğulanır. Düzdür, o demək deyil ki, üzv ölkələrin bir hissəsi imza atdıqları sənədə riayət edəcəklər.

Çox görmüşük ki, müxtləlif təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünə səs verən ölkələr Ermənistanla da sıx əməkdaşlıq ediblər.

Lakin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi imkan verir ki, ölkəmizin problemi haqqında üzv ölkələrə kifayət qədər məlumat verə və dəstək qazana bilək”.