“İdarəetmə sistemi təkmilləşir”

Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı təşəbbüslər irəli sürülür. Məqsəd ölkənin ikinci böyük şəhərində idarəetmə keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsidir. 

Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir. Nəticədə vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq . Böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq. 

Siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a bildirib ki, ölkəmizdə dövlət idarəçiliyinin şəffaflaşdırılması cənab Prezidentin həyata keçirdiyi islahatlar kursunun əsas mahiyyətini təşkil edir. Baş redaktoru vurğulayıb ki, bu gün Azərbaycan dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modelləri dünyaya təqdim edir:

“Ölkəmizdə iqtisadi islahatlar dərinləşdirilir, idarəetmə sistemində təkmilləşmə öz aktuallığını qoruyur. Bu islahatlar ümumilikdə hakimiyyətin hər üç qolunu-icra, qanunverici və məhkəmə-hüquq sistemini əhatə edir”.
  
V.Rəhimzadə Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüsü idarəçilik sistemində təkmilləşmənin tərkib hissəsi olduğunu qeyd edib:

“Bu mühüm addım ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Nəticə etibarilə idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq. Yenə də  bu və digər struktur islahatlarının həyata keçirilməsində əsas məqsəd  vətəndaş məmnunluğunun artırılmasıdır”.