Valideynlər əsla arxayın olmamalıdır

Koronavirusdan 19 yaşadək uşaqlar arasında həyatını itirənlər var

"Bugünədək aparılan statistikaları nəzərə alarsaq, deyə bilərik ki, uşaqların koronavirusa yoluxma ehtimalları və halları çox azdır. Əlbəttə ki, xroniki xəstəliyi olan uşaqlar bura aid deyil. Çünki onların aşağı tənəffüs yollarına koronavirusun yapışması və hüceyrə içərisinə daxil olması üçün lazım olan reseptorlar daha azdır. Daha sadə dillə desək, virus hüceyrə içinə girmək üçün onun divarındakı proteinə, yəni dediyimiz reseptora ehtiyac duyar. Koronavirus bu məqsədlə anjiyotensin dönüşdürücü enzim 2 ACE2 reseptorundan istifadə edir. Uşaqların alt solunum yollarında bu reseptorlar daha az olduğu üçün zədələnmədə az olur. Buna görə yoluxma olsa belə yetkin insanlara görə çox yüngül keçirirlər". 

Bu sözləri "Şərq"ə açıqlamasında TƏBİB-in infeksionist işçi qrupunun üzvü həkim Süleyman Kamilov deyib. Həkimin sözlərinə görə, koronavirus adətən uşaqlarda yuxarı tənəffüs yollarını zədələyir, bu zaman meydana çıxan simptomlar çox yüngül olur:

"Amma bu, valideynlərə rahatlıq verməli deyil, çünki dünyada 19 yaşadək uşaqlarda koronavirusa yoluxma hallarının olduğu və həyatını itirənlər var. Havaların soyuması ilə əlaqədar olaraq orqanizmin baş verən immun sistemin zəifləməsi, əlbəttə, virusa yoluxma sayını kəskin artıra bilər.

Digər nüans isə soyuq aylarda insanların qapalı məkanlardan daha çox istifadəsi, havanlandırmanın zəif olması, əhalinin daha çox sıx təması virusun önümüzə gələn fəsillərdə daha çox artmasına zəmin yaradır. Valideynlərin yenə gigiyenik qaydalara əməl etməsi, övladlarını maarifləndirməsi, hazırda pandemiya dövründə olduğumuzu, xəstəliyin ciddiyətini ən doğru və uşaqları qorxutmayacaq şəkildə başa salması tövsiyə olunur".

Uşaqların qanlarında anticism məsələsinə gəlincə, S.Kamilov bildirib ki, bu barədə danışmaq və qəti fikir söyləmək çox çətindir. Çünki anticisimlər bədənə daxil olan yad hüceyrələrə qarşı istehsal edilən zülal quruluşlu silahlardır:

"Anticismlər orqanizmin virusa və ya bakteriyaya qarşı yaranmış müdafiə zülallarıdır. Onun əsas iki vəzifəsi vardır: Birincisi, bədənə daxil olan düşmən hüceyrə ilə (antigenlerlə) birləşmək. İkincisi, birləşdikdən sonra antigenin bioloji quruluşunu pozmaq və onu məhv etmək.

Qanda və hüceyrə ətrafı mayedə olan anticisimlər xəstəliklərə yol açan bakteriya və ya viruslara birləşirlər. Orqanizm, demək olar ki, qarşılaşdığı hər düşmənə uyğun anticisim istehsal edir. Üstəlik, anticisimlər tək bir növdə hazırlanmır.

Hər virusa qarşı onun quruluşuna uyğun, onunla mübarizə apara bilən anticisim hazırlanır. Çünki bir xəstəlik üçün istehsal edilən anticisim başqa xəstəlik qarşısında çarəsiz qala bilər.

Hər düşmənə uyğun xüsusi bir anticisim istehsalı, həqiqətən, fövqəladə haldır və bunun haqqında düşünmək lazımdır. Təbiətdə isə koronavirus kimi milyonlarla növdə düşmən (antigen) var".