Tənha qadın, susma danış...

Qana susayan keçmiş ərlərin sıraları artır


Hüquq müdafiəçisi: "Qadınlara mühafizə orderləri verilsə yaxşı olar"

İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və s. bu amillərin sırasındadır. Son çağlar sadalananların arasında qətl hadisələri, xüsusilə də keçmiş əri tərəfindən qadınların öldürülməsi faktı daha çox genişlənib. 



"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq"ə açıqlamasında bildirib ki, ildən-ilə qadınların öldürülməsinin statistikası artır. Onun sözlərinə görə, bu, artıq ciddi tədbirlərin görülməsinin vacibliyindən xəbər verir:


"Məişət zorakılığı, evdə baş verən qətllər ailədaxili problemlərdən yaranır. Təəssüf ki, biz ailəyə daxil olub problemi vaxtında həll edə bilmirik. Ən böyük problem isə məişət zorakılığı ilə üzləşən qadınlar hara gedəcəklərini, kimə müraciət edəcəklərini bilmirlər. Onlar əgər hədələr varsa, bu zaman polisə deyil, prokurorluğa müraciət etməli olduqlarını bilmirlər. Əksəriyyət bu qaydanı bilmədiyinə görə polisə müraciət edir. Polis isə heç bir hüquqi addım ata bilmir. Yəni hər hansısa xəsarət olmadığına görə, təhdid edən şəxslər polis tərəfindən məsuliyyətə cəlb olunmurlar. Bax, bu, qanunvericilikdə boş olan bir məqamdır ki, sonu belə ölüm hadisələri ilə nəticələnir".

Ekspert hesab edir ki, qadın cinayət hadisələrinin son zamanlar artmasının başlıca səbəblərindən biri onların təhlükəni real qiymətləndirə bilməməsindən irəli gəlir:

"Bəziləri artıq illərdir ki, boşanıb, öz həyatını yaşayır. Gələcək təhlükənin fərqində belə olmurlar. Bu səbəbdən də özünün təhlükəsizliyinin təmin edilməsi üçün heç bir yerə müraciət etmir. Qadın qətllərinin sayının artmasının başlıca amillərindən biri də dəstək qruplarının olmaması, yerli mərkəzlərin dərhal reaksiya verməməsi, yaxud da şəxsin sığınacağa müraciət etməməsindən irəli gəlir. Yəni onlar təhlükəni real dərk edə bilmirlər. Bu mesaj hansısa formada verilir, görünür, qadın bu riski qiymətləndirməkdə kifayət qədər təcrübəli deyil. Digər vacib amillərdən biri də qaynar xəttin olmamasıdır. Təhlükədə olan şəxs 102-ə zəng vurur.

Amma ünvanlı müraciət olmayanda 102-də bu məsələdə hərəkətsiz qalır. Ümumiyyətlə, bu resurslarla bağlı məlumatı olmayan qadınlarımız da var. Məsələn, qarşı tərəf hansısa telefon danışığı ilə bağlı kifayət qədər şantaj edir. Amma həmin şəxs biabır olmamaq üçün susur. Bu susqunluq isə sonda ölüm faktı  ilə yekunlaşır.

Son zamanlar ölkəmizdə də keçmiş ərlər tərəfindən hədələr, təhdidlər artmaqdadır. Bunun da bir xüsusiyyəti baş vermiş pandemiya səbəbindən insanların psixoloji gərginliklərinin pik həddə çatması ilə əlaqədardır. Onlar bütün uğursuzluqlarının, çətinliklərinin, işsizliklərinin səbəblərini özlərində deyil, həmin qadınlarda axtarırlar. Nəticədə heç də xoş olmayan hadisələr yaşanır. Bu da cinayət əməllərinin artmasına gətirib çıxarır".

M.Zeynalova qadın təhlükəsizliyinin təmin edilməsi üçün mühafizə orderlərinin verilməsini məqsədəuyğun hesab edir:

"Birincisi, düşünürəm ki, qadınlara mühafizə orderləri verilsə yaxşı olar. Məsələn, Avropada təhlükəsizlik orderi veriləndə şəxs ona yaxın gəlsə, dərhal onunla bağlı tədbirlər görülür.

Təəssüf ki, ölkəmizdə mühafizə orderi üzvün təhlükəsizlik məsələsində kifayət qədər həllini tapmayan məsələdir. İkincisi, dəstəklərin, xidmətlərin çevikliyini təmin etmək olar.

Məsələn, aşkar ediləndə ki, qadına qarşı zorakılıq var, qadınlar deyil, artıq kişinin özü üçün reabilitasiya proqramı tətbiq etmək lazımdır. Münaqişə olan ailələrdə kişilərin məcburi psixoloji xidmətə göndərilməsi və bu ailə yenidən bir arada ola bilər, yaxud bilməz məsələsi gündəmdə olmalıdır".