Gözümüzün ağı da, qarası da uşaqlardır

Daha onlar içki və tütün məmulatlarının satışı ilə bağlı işlərdə çalışa bilməyəcəklər

Azərbaycanda uşaqların energetik içkilərin, tütün məmulatlarının istehsalı və satışı ilə bağlı işlərdə çalışdırılması qadağan edilir. Belə ki, ölkəmizdə yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərin sayı artırılır. Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir. Layihəyə əsasən, energetik içkilərin və tütün məmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması ilə bağlı işlər daxil edilir. 



Mövzu ilə bağlı "Şərq"ə danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, məqsəd enerji içkilərinin, tütün məmulatlarının insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Onun sözlərinə görə, uşaqların mənəvi və fiziki sağlamlığına ziyan vuran iş müəssisələrində işləməsi hüquqi cəhətdən yolverilməzdir:

"Azərbaycan Respublikasının Konstitusiyasına görə, vətəndaşların 15 yaşdan işlənməsinə icazə verilir. Bir şərtlə ki, bu iş müəssisələri onların həm fiziki, həm də mənəvi sağlamlıqlarına ziyan vurmasın. İnsanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinin istehsal olunduğu məkanlar alkoqollu içkili yerlər hesab olunur.

Çünki energetik içkilərin tərkibindəki kofein kimi bir çox kimyəvi maddələr var. Onun uzun müddət qəbul edilməsi birmənalı şəkildə ziyandır. Belə müəssisələr sağlamlığa ziyan vuran iş yerləri hesab olunur. Tütün məmulatlarının istehsalat sahələrinə gəlincə, burada sağlamlığa zərər yetirən iş mərkəzi hesab olunur.

Çünki hər iki sənaye müəssisəsində onlardan istifadə halları birmənalı şəkildə mümkündür. Təəssüflər olsun ki, bəzən məktəblərin yaxınlığında olan mağazalarda enerji içkilərinin satılmasına nəzarət olunmur.

Uşaqlar valideynlərindən xəbərsiz həmin içkilərdən istifadə edirlər. Belə olan hallarda bu məhsullar uşaqların fiziki sağlamlıqlarına ziyan vura bilər. Ona görə də, birmənalı şəkildə uşaqların bu məhsulların  həm istehsalı, həm də satışı ilə bağlı işlərdə çalışdırılmasının qadağan olunması vacibdir".