Azərbaycanda Türkiyə hərbi bazasının qurulması tarixi zərurətdir

Ermənistanın danışıqlardan boyun qaçırması, bəzi dövlətlərin təcavüzkarı silahlandırması bizə yolumuzu göstərdi

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Hər iki dövlət arasındakı münasibətlər milli-mənəvi və mədəni dəyərlərlə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Türk dünyasının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Bir, millət iki dövlət” ifadələri Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığının möhürüdür. 

Son aylar Cənubi Qafqaz regionunda ciddi hadisələr yaşanmaqdadır. Rusiyanın regionda sürətlə Ermənistanı silahlandırması və iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, Ermənistanda yerləşən Rusiya hərbi bazalarının hərbi-texniki gücünün artırılması Azərbaycanın hərbi təhlükəsizliyinə təhdid yaradan amillər hesab olunur.

Mövcud vəziyyətdə Azərbaycan üçün Türkiyə kimi hərbi-siyasi müttəfiqin olması çox əhəmiyyətli idi. Türkiyə hökuməti Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ölkəmizə ilk gündən daim dəstək verərək problemin Azərbaycanın ərazi bütövlüyü və sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 

Məlum olduğu kimi Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.

Prezident İlham Əliyev avqustun 13-də Türkiyə milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var. Eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlər çox faydalıdır. Dövlət başçısı əlavə edib ki, bu, bir ənənədir: “Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”. 
Son təlimlərin Tovuz hadisələrindən sonra başlaması, daha geniş tərkibli şəxsi heyətin iştirakı və uzunmüddətli olması işğalçı Ermənistan hökumətini, təcavüzkar dövlətin havadarlarını ciddi təşvişə salıb. Bəlli olub ki, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə olunmaqla 500 tondan artıq hərbi təyinatlı yük işğalçı ölkəyə daşınıb.

Eyni zamanda müxtəlif ölkələrdən olan terrorçular, muzdlular hesabına könüllülər dəstəsinin yaradılması Ermənistanın sülhə yox, məkrli siyasətlərini həyata keçirməyə hazırlaşdığını göstərir. Bütün baş verən hadisələrdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gələrək burada generallarla müşavirə keçirməsi isə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmasının əyani nümayişidir. 

İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq, silahlı qüvvələr arasında təcrübə mübadiləsi təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib. Türkiyə və Azərbaycan arasında “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı - 2019” kimi uğurlu təlimlər illərdir həyata keçirilir.

Azərbaycan Türkiyə  arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir.

Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. 

Vurğulamaq lazımdır ki, həm Azərbaycan, həm də Türkiyə terrorizmdən əziyyət çəkir. Azərbaycan 20-ci əsrin sonunda, bəşəriyyətin gözü qarşısında dünyanın ən dəhşətli soyqırımına məruz qalan ölkədir, torpağımızın 20 faizini Ermənistan 30 ildir işğalda saxlayır. Azərbaycanın nəzarətindən kənarda qalan işğaldakı ərazimizdə qondarma bir qurum yaradılıb və bu qondarma qurum nəinki region, bütövlükdə dünya üçün təhdiddir. Çünki bu ərazilərdə terrorçular təlim keçir, narkoticarət aparılır, qanunsuz silah satışları həyata keçirilir, yeraltı-yerüstü sərvətlərimiz talanır, ölkəmizə qarşı içməli su təcavüzü edilir, şirin su hövzələri qəsdən çirkləndirilir. Qardaş Türkiyə isə PKK terrorundan, İŞİD hücumlarından əziyyət çəkir. Buna görə də hər iki ölkənin terrorizmə və separatçılığa qarşı mübarizəni gücləndirməsi, öz silahlı qüvvələrini təkmilləşdirməsi və hərbi əməkdaşlığı genişləndirməsi vacibdir və bütün beynəlxalq normalara tamamilə uyğundur. 

İşğalçı Ermənistanın hərbi təxribatlarına cavab vermək, torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirməsini milli maraqlarımız tələb edir. Unutmayaq ki, regionda Azərbaycanın ən səmimi tərəfdaşı qardaş Türkiyədir və Türkiyə ilə bütün sahələrdə münasibətlərimizin inkişafı milli təhlükəsizliyimizin təmini üçün vacibdir. 

Azərbaycan-Türkiyə qardaşlıq münasibəti və Tovuz hadisələri barədə hazırlanan “Bir millət, iki dövlət” sənədli filmində çıxış edən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bildirib ki, Türkiyə düşmənin torpaqlarımızı ələ keçirməyə yönələn cəhdlərinə qarşı bizə güc verir.

Onun sözlərinə görə, iyulun 12-dən etibarən Tovuz bölgəsində meydana gələn hadisənin ilk anından etibarən biz Türkiyənin böyük dəstəyini hiss etdik: “Azərbaycan üçün təhlükəsizlik baxımından Türkiyənin önəmi qiymətsizdir. Türkiyə hərbi əməliyyatları başladıb, işğal altında olan torpaqlarımızı azad etməyə hazır olmaq üçün bizə cəsarət verir”. 



Millət vəkili, professor, tarixçi-alim Musa Qasımlı “Şərq”ə bildirib ki, əkiz qardaşlar olan millətimizin və ölkələrimizin əməkdaşlığının tarixi təcrübəsi göstərir ki, bərabər hərəkət etdikdə daim uğur qazanmışıq və qarşımızda kimsə tab gətirə bilməyib. Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında imzalanmış ikitərəfli sənədlərə uyğun olaraq hər il keçirilən hərbi təlimlərin yekununda ictimaiyyətdə belə bir sual yaranır:

“Bu əməkdaşlığı hansı formada daha yüksək səviyyəyə çıxarmaq olar? Məncə, əməkdaşlığın yüksək səviyyəsi ilkin olaraq birgə ordu hissələrinin və  Azərbaycan ərazisində Türkiyə hərbi obyektlərinin (“hərbi obyekt” və “hərbi baza” anlayışları bir-birindən fərqlidir) qurulması ola bilər. Bu, nə üçün vacibdir? Həmin suala cavab vermək üçün həm qarşılıqlı münasibətlərin tarixinə, həm də müasir reallıqlara nəzər yetirməkdə fayda var. Bir neçə tarixi fakt söylənənləri təsdiq edir. Əvvəla, hələ Birinci Dünya müharibəsi illərində  azərbaycanlı gənclər çar Rusiyasının təbəələri olmalarına baxmayaraq, xəlvəti yollarla Osmanlı dövlətinin ərazisinə keçib türk qardaşları ilə bir cərgədə vuruşublar.

Azərbaycanlılar türklüyün və islamın mərkəzi olan Osmanlının qalib gəlməsini arzulayıb və imkanları daxilində fərd olaraq döyüşlərdə iştirak ediblər. Bunun bir örnəyi Çanaqqala savaşı olub. İkincisi, 1918-ci ilin sentyabrında  Osmanlı və Azərbaycan əsgərlərindən ibarət qurulmuş Qafqaz İslam Ordusu Bakı şəhərini yadellilərdən azad etdikdən sonra Azərbaycan hökuməti təbii paytaxtına qovuşub. Qarabağ erməni silahlılarından təmizlənib. Osmanlı müharibədən çıxdıqdan sonra çətin vəziyyətə düşməsinə və bütün təzyiqlərə baxmayaraq,  Azərbaycan Cümhuriyyəti hökuməti yardımlar haqqında ikitərəfli sənəd imzalayıb.

Azərbaycan torpağında həlak olan Qafqaz İslam Ordusu əsgərlərinin məzarı sovet sisteminin ağır şərtlərinə baxmayaraq, xalqımız tərəfindən qorunub saxlanılıb, dövlət müstəqilliyi bərpa edildikdən sonra isə təmir olunub. 1918-ci ilin mart soyqırımı qurbanlarının, Qarabağ uğrunda həlak olanların dəfn edildiyi və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər Xiyabanında ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində türk əsgərinə abidə ucaldılıb. Üçüncüsü, türk xalqının istiqlal savaşına Azərbaycan sovet hökuməti yardımlar edib. Mustafa Kamal Paşa edilən yardımlar üçün Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanova təşəkkür etdikdə, o, “qardaş qardaşa borc verməz, əl tutar”- deyib. Azərbaycanlı qız və gəlinlər nişan üzüklərini və zinət əşyalarını göndəriblər. Azərbaycanlılar fərd olaraq türk qardaşları ilə bir cərgədə vuruşublar.

Xalqımız türklüyün və islamın mərkəzi olan Türkiyənin istiqlal savaşında qalib gəlməsini arzulayıb. Türk ordusunun hər bir zəfərində qurbanlar kəsilib və evlərin balkonlarından türk bayraqları asılıb.

Dördüncüsü, SSRİ-nin hələ mövcud olmasına,Türkiyənin NATO üzrə müttəfiqlərinin “Qorbaçovun xoşu gəlməz və SSRİ ilə münasibətlər pisləşər” kimi təzyiqlərinə baxmayaraq, Məsud Yılmaz hökuməti cəsarətli addım ataraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. Nəhayət,1991-ci ildən sonra qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlıq böyük bir yol keçib”. 

Parlament üzvü qeyd edib ki, hələ 90-cı illərin sonlarında iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində müzakirələr zamanı Azərbaycanda Türkiyə hərbi bazasının qurulması məsələsi gündəliyə gətirilib:

“Lakin Türkiyə tərəfi “qonşularla münasibətlərə xələl gətirə biləcəyini” deyərək həmin təklifdən imtina edib. Deməli, tarixi təcrübə hərbi sahədə əməkdaşlığı yeni bir səviyyəyə çıxarmağı zəruri edir. Müasir reallıqlar da bu əməkdaşlığın dərinləşdirilməsini irəli sürür. İndi 90-cı illər deyil, Türkiyə və Azərbaycan da ovaxtkı deyillər.

“Şərq tərəfdaşlığı proqramı” çərçivəsində keçirilən Praqa sammitində Prezident İlham Əliyevin Ermənistan başçısı S.Sarkisyana “Türkiyə burada yoxdur, mən varam” deməsi, Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən Türkiyənin haqq işini açıq, birmənalı və qəti şəkildə müdafiə etməsi, Ermənistanın özünü həyasız apararaq bütün danışıqlardan boyun qaçırması, bəzi dövlətlərin isə bütün beynəlxalq normaları pozaraq təcavüzkarı silahlandırmaları ilkin addım olaraq ölkəmizdə Türkiyə hərbi obyektinin qurulmasını və birgə hərbi hissələr yaradılmasını zəruri edir”.