Türkiyə-Azərbaycan media platformasının yaradılması əhəmiyyətli addımdır

Yaxşı olar ki, daha çox müsbət nümunə ortaya qoyan media orqanları və təmsilçiləri prosesə cəlb olunsun

Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir. Səfərin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.

Səfər çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirilib. Hikmət Hacıyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Bu baxımdan dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı ikili əlaqələrin genişlənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək.

H.Hacıyev televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin, mütəxəssis mübadilə proqramlarının hazırlanmasının hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə əhəmiyyətli rol oynayacağını bildirib.

Fəxrəddin Altun da Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığı diqqətə çatdırıb:

“Doğru məlumatın sürətli şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması mühümdür. İnformasiya çirkliliyi, yalan xəbər və dezinformasiyaya qarşı mübarizədə Türkiyə ilə Azərbaycan arasında ortaq fəaliyyət zəruridir.

O baxımdan Türkiyə-Azərbaycan Media Platforması yaradılması məsələsində razılığa gəldik. Bu platforma vasitəsi ilə iki ölkə mediasının inteqrasiyası, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması məsələlərini müzakirə etdik”. 



Ortaq media platformasını “Şərq”ə şərh edən “Türküstan” qəzetinin və “turkustan.info” saytının baş redaktoru Aqil Camal bildirib ki, Azərbaycan Türkiyə ilə ən müxtəlif sahələrdə əməkdaşlıq edir. Baş redaktorun sözlərinə görə, əlaqələr son aylarda daha da güclənib:


“İndiki dönəmdə media sahəsində, xüsusən müasir texnoloji imkanların vəhdəti ilə qurulan media siyasətində ortaq platformanın yaradılması əhəmiyyətli addımdır. Ötən illərdə bənzər təşəbbüslər olub. İllər əvvəl Ankarada I Türk Dünyası Media Forumu keçirilib.

Sonrakı dövrlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprdə media forumları təşkil edilib. Əfsuslar olsun ki, prosesin davamı gəlmədi. Çünki media platformasının əsası, təməli düzgün qoyulmamışdı. Türk dünyasını tanıyan və ortaq medianı yürüdə biləcək insanlar həmin foruma cəlb olunmamışdı.

Prosesə başqa meyarlara cavab verən, daha çox maliyyələşən, rəsmi qurumların rəhbərləri cəlb edilmişdi deyə müsbət effekt vermədi. Yaxşı olar ki, növbəti dönəmdə bu sahələr üzrə kifayət qədər profilləşmiş, günlük fəaliyyətində türk dünyasının, Azərbaycan-Türkiyə əlaqələrinin gücləndirilməsi ilə bağlı daha çox müsbət nümunə ortaya qoyan media orqanları və təmsilçiləri prosesə cəlb olunsun.

Aydındır ki, əsas işi yüksək səviyyədə dövlət qurumları həyata keçirir, amma işin icrası bilavasitə yeni medianın üzərində olacaq. Əgər ciddi nəticələr əldə etmək istəyiriksə, itirilmiş on illəri göz önünə almalıyıq, peşəkar kadrların seçilməsində yanlışlığa yol verməməliyik”.