Lukaşenko uzun müddət davam gətirə bilməyəcək

"Qərb əlinə düşən fürsəti mütləq dəyərləndirməyə çalışacaq"

Belarusda keçirilmiş prezident seçkilərindən sonra nəticələrlə razılaşmayan geniş xalq kütləsi üç həftədən çoxdur ki, etiraz aksiyası keçirir. Ötən gün paytaxt Minskdə 10 mindən çox mitinq iştirakçısı Prezident Aleksandr Lukaşenkonun iqamətgahına tərəf yürüş edib. İqamətgahın girişində metal hasarlar qoyulub və OMON hissələri də əraziyə yeridilib.

Yaxınlıqda təxminən on zirehli transpartyor (ZTR) müşahidə edilib. Təzyiqli su vuranlar da daxil olmaqla xüsusi texnika şəhərin mərkəzinə gətirilib. Meydan metal hasarlar və polislə əhatə olunub, yeraltı keçidlər bağlanıb. Belarus Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Olqa Çemodanova bu addımın paytaxtda təhlükəsizliyin təmin olunması məqsədilə atıldığını bildirib.

Güclü yağış səbəbindən etirazçılar vaxtından əvvəl dağılmaq məcburiyyətində qalıblar və nəticədə OMON-çularla insident yaşanmayıb. Lakin etirazçılar hökumətə qarşı aksiyaların davam edəcəyini bəyan ediblər. Məlumdur ki, Qərb ölkələri Lukaşenkonun legitimliyini tanımaqdan imtina edir, Rusiya isə istənilən an dəstək verməyə hazır olduğunu vurğulayır. Lakin hələlik tərəflərdən heç bir Belarusdakı proseslərə açıq müdaxilə etmir. 



Belarusdakı aksiyaları və proseslərin gedişatını “Şərq”ə analiz edən politoloq Qabil Hüseynli bildirib ki, Qərb Lukaşenkonun legitimliyini heç vaxt tanımayacaq və onu devirmək üçün əlindən gələni edəcək. Siyasi şərhçinin qənaətincə, Qərb ölkələrini Belarusa müdaxilədən çəkindirən güc Rusiyadır:

“Moskva Minskə dəstək versə də, sərhəddə hərbi birləşmə göndərsə də, bütün resursları ilə Belarusdakı proseslərə qoşulmayıb. Hələlik proses inersiya üzrə davam edir.

Məncə, Lukaşenko dirəniş göstərməsinə baxmayaraq, uzun müddət davam gətirə bilməyəcək. Qərb əlinə düşən fürsəti mütləq dəyərləndirməyə çalışacaq. Rusiya da Minskdən asanlıqla əl çəkməyəcək. Çünki Rusiyanın Belarusda strateji əhəmiyyətli obyektləri var. Ancaq Qərblə Rusiyanın vəziyyəti eyni deyil.

Şimal qonşumuzun dünyanın müxtəlif bölgələrində girmədiyi münaqişə ocağı qalmayıb. Belarusda silahlı münaqişəyə cəlb olunmaq, hərbi əməliyyatlara başlamaq Moskvanın ciddi zərbə almasına səbəb olar. Onsuz da ölkə daxilində sosial-iqtisadi vəziyyət ürəkaçan deyil, ciddi problemlər var. İqtisadi çətinliklər əhalinin əhval-ruhiyyəsini kritik həddə korlayıb.

O baxımdan Rusiyanın NATO-nun “qapısında” açıq oyuna girişəcəyini zənn etmirəm. Belarusa hərbi müdaxilənin mənfi nəticələri bu ölkənin sərhədlərini aşıb yenidən Rusiyaya geri dönəcək. Qərb isə sadəcə bir ölkədən ibarət deyil və resursları çoxdur”.