"Əlimizdə qala bilər"

Etibar Əzimov: "Böyük miqdarda məktəbli paltarları istehsal edə bilmərik"

Növbəti həftə sentyabrın 15-i yeni tədris ilinin başlanacağı bildirilsə də, məktəbli formalarının alınmasında canlanma hələ də yoxdur. “

Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov satışdakı azalmanı məktəblərin açılmasıyla bağlı qərarın gec elan edilməsiylə əlaqələndirdi. “Şərq”ə açıqlamasında E.Əzimov qeyd etdi ki, pandemiya məktəbli formalarının istehsalı və satışına da təsirini göstərib: 

- Pandemiya məktəbli formalarının alışına istər-istəməz təsir edəcək. Ötən il bu vaxt, baş qarışıq idi, necə deyərlər, “başımızı qaşımağa” vaxt yoxuydu. İndi sakitlikdi, arxayınlıqdı. İş azdı, çay içirəm... Çünki gözlədik, görək, məktəblərin açılması nə vaxt elan ediləcək. Parça tədarükü görmüşük, xammal da sifariş etdik ki, əgər tələbat artsa, istehsal dayanmasın, mağazalara mal verə bilək.

Baxırıq, hesablayırıq, hansı ölçüdən nə qədərdi. Əvvəlcədən böyük miqdarda istehsal edə bilmərik, çünki tələbatı öyrənməliyik. Hələlik tələbatı bilmək olmur. Böyük miqdarda geyim istehsal etmək risklidir. Əlimizdə qala bilər. Valideynlərə uşaqları məktəbə göndərməkdə seçim azadlığı verilib, məktəbə getmək könüllüdür. Ona görə biz də böyük miqdarda məktəbli formalarının istehsalına risk etmirik. 

E.Əzimov qeyd etdi ki, mağazalarla əlaqə saxlayıb tələbatı öyrənirlər və istehsalı da buna müvafiq müəyynələşdirirlər: 
- Bizim mağazalarda hələ formalar var. Ötən ildən qalanlar da var. Anbarda da mallarımız qalıb. Dünən, cəmi 104 dəst satılıb. Elə böyük satış da yoxdur. Satış zəifdi. Ürəkaçan vəziyyət deyil. Biz onsuz da bunu bilirik, tələbat ötənilki qədər olmayacaq. Ona görə də sifariş aldıqca istehsal edəcəyik. 
E.Əzimov builki tədris ili üçün əvvəlcə təsdiqlənmiş vahid məktəbli formalarının tikiləcəyini dedi, yeni modellərin hələ təsdiqlənmədiyini bildirdi.