Övladlığa götürülən uşaqlara görə müavinət veriləcək - Gələcəkləri sığortalanır



"Bu, cəmiyyətdə çox müsbət dəyişikliyin əsasını qoya bilər"

Azərbaycanda övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət verilməsi təklif olunur. 
Bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik təklif edilir.  

Övladlığa götürülən uşağa görə hansı halda müavinət təyin ediləcəyi də müəyyənləşir. Övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq.

Dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərdən birini  almaq hüququ olan şəxslərin övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin ediləcək.



Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Şərq”ə açıqlamasında sözügedən qanuna dəyişikliyin cəmiyyətdə müsbət tendensiyaya səbəb ola biləcəyini dedi: 

- Əvvəla, onu deyim ki, övladlığa götürülən, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara dövlət tərəfindən müavinətlərin verilməsi onların gələcəyinin sığortalanması deməkdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara onsuz da müavinət ödənir.

Düzdü, məbləğ azdı, əlillik dərəcəsinə görə müavinətin məbləği dəyişir. Övladlığa götürülən uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara dövlət tərəfindən müavinət veriləcəksə, bu, cəmiyyətdə çox müsbət dəyişikliyin əsasını qoya bilər. Məsələn, Avropada xüsusi qayğıya ehtiyacı olan uşaqların övladlığa götürülməsi kampaniyası aparılır. Biz də bu təbliğatı aparmalıyıq. Əlilliyi olan uşaqların ailə qayğısına daha çox ehtiyacı var.

Avropalılar belə uşaqlara daha çox üstünlük verirlər. Dəyərlər, anlayış, düşüncə tərzi təbii ki, fərqlidir. Bizdə hamı deyir ki, uşaq gözünü açanda ilk məni görsün. Körpə, bir yaşınadək uşaqları övladlığa götürmək ənənəsi, istəyi, arzusu... daha çoxdur və daha böyükdür. Anlamaq istəmirlər ki, nə olur-olsun, lap yeni doğulmuş körpəni övladlığa götür, nə vaxtsa, bəlli bir zamanda onsuz da o uşaq sənin doğma valideynləri olmadığını biləcək. Ya hardansa eşidəcək, ya kimsə, əclafın biri, ona xəbər verəcək, hansısa bir halda uşaq bunu biləcək.

Əksəriyyət istəyir ki, sağlam körpəni övladlığa götürsün  və mümkün qədər körpə yaşda. Bizə bununla bağlı az qala 2000-3000 müraciət olur. Müraciət edənlərin 90 faizi məhz 1 yaşa qədər uşaq istəyir. Başa salmağa çalışırıq ki, ay vətəndaş, biz uşaq verən təşkilat deyilik. Onları Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi yanında “DOST” Mərkəzinə yönləndiririk.

Mən bu mərkəzin fəaliyyəti ilə tanışam və bilirəm ki, oradakı gənclər ciddi şəkildə çalışırlar. Biz sığınacaqda olan uşaqların siyahısını onlara təhvil vermişik. Mərkəz də o uşaqların kimliyinin təsdiq edilməsi istiqamətində çalışır. Bu, çox çətin  işdir. Bizim sığınacağa düşənlərin əksəriyyəti təsadüfi əlaqədən doğulan körpələrdir. Bu baxımdan deyirəm ki, müavinətlərin verilməsi valideyn himayəsindən məhrum uşaqların gələcəyinin təminatıdır. Qaldı, müavinətin miqdarına, əlbəttə, gərək bu məbləğ bazar səbətinə uyğun olsun. 

Bəs müavinətlərin uşağa xərclənib-xərclənməyəcəyi necə müəyyən ediləcək? K.Ağazadə bu məsələnin monitorinq yoluyla həllini tapa biləcəyini söylədi: 

- Uşaq pulu, əlilliyi olanlara verilən müavinətlərin aidiyyəti üzrə xərclənməsi barədə çox danışılıb. Çox deyirlər ki, uşaq pulu verilsin və sair. Bu məsələ heç də həmişə özünü doğrultmur. Nə mənada, müavinətin aidiyyəti üzrə xərclənməməsi baxımından. Analar var, uşağa görə aliment alır, uşağa xərcləmir, özünün hansısa başqa ehtiyaclarına sərf edir.

Amma övladlığa götürülən uşağa görə müavinətlərə “DOST” Mərkəzi tərəfindən monitorinqlər təşkil edilib, məbləğin hansı istiqamətdə xərcləndiyini müəyyən etmək olar. Dövlət haqlı olaraq övladlığa uşaq götürmə mexanizmində zəruri şərtlər tətbiq edib. Bəlli miqdarda aylıq qazanc, iş yerindən arayış tələb olunur.

Deyə bilərsiniz ki, nə üçün ancaq varlılar, imkanlılar övlad sahibi olmalıdır, kasıblar övlad sahibi olmasın?! Hansı ailənin maddi imkanı məhduddursa, onlar övlad sahibi olmamalıdır?! Bəlkə də hardasa bu suallarda həqiqət var. Ədalət prinsipinin pozulduğunu düşünmək olar. Lakin dövlət körpənin ikinci dəfə ehtiyac içində yaşamasını önləyir.

Əgər körpə qazandığı ailədə səfalət içində yaşayacaqsa, qazandığı valideynləri tərəfindən zorakılıq görəcəksə, bu, onun bir dəfə yaşadığı ağır həyat şərtlərinə təkrar dönməsi deməkdir. Niyə dövlət bu körpənin təkrar incidilməsinə razı olmalıdır?! Ona görə də mən hesab edirəm ki, övladlığa götürmə ilə bağlı qoyulan şərtlər düzgündür, ədalətlidir.