İlginc detal: “ "COVİD-19" sinir sistemi və əzələləri zədələyir" – Necə davranmalı?  

“Baş ağrısı, emosional labillik, qoxu və dadbilmənin pozulması infeksiyasının erkən əlamətləridir”

“Habelə  yuxu və yaddaş pozulmalarına da rast gəlinir”

"Koronavirus pandemiyasının başlanğıcında əsas simptonların qızdırma, təngənəfəslik və quru öskürək olduğu bildirilsə də, virus infeksiyasının birbaşa və ya onun ikinci təsiri nəticəsində qeyd edilən əlamətlərlə yanaşı, yeni əlamətlərin də mövcud olması müəyyənləşdirildi".
Bu sözləri  "Şərq"ə açıqlamasında  həkim-nevroloq Pərviz Axundov deyib. Onun sözlərinə görə, artıq "COVİD-19"un təkcə tənəffüs orqanlarını deyil, eyni zamanda digər orqan və sistemləri, o cümlədən mərkəzi və periferik sinir sisteminə də zərər yetirdiyi öyrənilib:

"Bu günləri koronavirusa yoluxmuş xəstələrdə baş ağrısından tutmuş ensefalitə kimi müxtəlif neyropsixoloji təzahürlərin olması halları yaşanmaqdadır. Cari "COVİD-19" pandemiyası zamanı müşahidə edilən nevroloji pozuntuların Ümumdünya Nevrologiya Federasiyası tərəfindən aparılmış kompleks analizi göstərib ki, SARS-CoV-2 infeksiyası mərkəzi sinir sistemini, periferik sinir sistemini və əzələləri zədələyir".

Həkim-nevroloq bildirib ki, xəstəlik zamanı bir sıra nevropsixoloji təzahürlər özünü büruzə verir:

"Pandemiya dövründə insanlarda depressiv vəziyyətlərin artması müşahidə edilir. Sinir sisteminin zədələnməsi əlamətlərindən baş ağrısı, emosional labillik, qoxu və dadbilmənin pozulması infeksiyasının erkən əlamətləri ilə təzahür edir. Habelə yuxu və yaddaş pozulmalarına da rast gəlinir. Böyük Britaniyada aparılan sorğuda pandemiya dövründə depressiv pozuntusu olan şəxslərin ikiqat artması müəyyən edilib. Amerikada bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə həyəcan pozulması 3 dəfə, depressiv pozuntular isə 4 dəfə artıb. Azərbaycanda isə bu istiqamətdə hələlik heç bir araşdırılma aparılmayıb.
Ölkəmizdə bu cür araşdırılmaların aparılmasını zəruri hesab edirəm".