Xanımlara XƏBƏRDARLIQ! – Daha pəncərədən adam gəlir! – Ayna silmək risklidir!   

“Pəncərəyə çıxıb şüşələrin silinməsi insanların həyatını təhlükəyə atır, bədbəxt hadisələr qaçılmaz olur”

“Bu işləri ixtisaslaşmış şirkətlərdə sənaye alpinistləri görürlər”


Çoxmərtəbəli binada pəncərə silmək böyük ürək tələb edir. Evdar xanımlar və ya xadimə işləyənlər təhlükəsizlik tədbiri olmadan pəncərə silirlər. Təmizlik üçün edilən bu işlər bəzən faciə ilə sona çatır. Pəncərə silmək xüsusilə payız və qış aylarında təhlükəlidir. Çünki bu fəsillərdə küləyin sürəti çox olur və yıxılma riskini artır. 

Əksər hallarda evdar xanımlar və ya bu işi görən xadimələr, oturaq stuldan və ya nərdivan dayamaqla pəncərə silirlər. Əl çatmayan yerləri silmək üçün bütün bədənlərini pəncərədən kənara çıxarırlar. Belə hərəkətlər olduqca təhlükəlidir.
Bakının Binəqədi rayonunda 50 yaşlı qadın da pəncərə silərkən bədbəxt hadisənin qurbanı olub. 1970-ci il təvəllüdlü Gülarə Əhmədova fərdi evin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb. Qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.



Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, bu cür hadisələri tez-tez eşidirik. Qadınlar pəncərənin şüşəsini silərkən yıxılır, xəsarət alır və yaxud dünyasını dəyişir. Ekspert qeyd edib ki, Azərbaycanda çoxmərtəbəli binaların tikintisi geniş vüsət alıb. Ona görə bu məsələyə daha ciddi yanaşmaq lazımdır:

“Ümumiyyətlə, çoxmərtəbəli binaların pəncərələrinin silinməsi zamanı dünya praktikasında bu işin ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilməsinə üstünlük verilir. Fərdi qaydada hər kəs özü pəncərəyə çıxıb, şüşələrin silinməsini həyata keçirməsi təhlükəsizlik və sağlamlıq baxımından risklidir. Çünki qadınlar həm hündürlükdən yıxılma təhlükəsi, həm şüşənin sınması ilə özünə xəsarət yetirə bilər. Bu da həyat üçün təhlükəlidir”.

E.Nurəliyev şüşələrin silinməsi zamanı suyun tempraturuna da diqqət etməyin vacib olduğunu bildirdi:

“Suyun tempraturu 60 dərəcədən çox olmamalıdır. Şüşəni bərk basmaq, şüşəyə nərdivan yaxud digər əşyaları söykəmək olmaz. Şüşəni silərkən əldə xüsusi əlcəyin olması vacibdir ki, şüşədə hər hansı çat, sınıq olarsa, insana xəsarət yetirməsin”.

Ekspertin sözlərinə görə, şüşənin silinməsi zamanı istifadə edilən kimyəvi tərkibli təmizləyici məhlullara da diqqət edilməlidir. Bu işləri ixtisaslaşmış şirkətlərdə sənaye alpinistləri görürlər:

“Onların istifadə etdiyi avadanlıqlar belə hamısı sertifikatlaşıb. Sənaye alpinistlərini havada saxlayan kəndirin belə istifadə müddəti var. Bir ildən sonra yararlı olsa belə, dəyişdirilib yenisi ilə əvəz olunmalıdır.

Bunlar hamısı təhlükəsizliyin daha etibarlı və dayanıqlı olması üçündür. Fərdi qaydada evlərdə pəncərəyə çıxıb şüşələrin silinməsi insanların həyatını təhlükəyə atır, bədbəxt hadisələr qaçılmaz olur”.