"Mən həmişə qumarın əleyhinə olmuşam"

Fazil Mustafa: "İdman-mərc oyunları ləğv olunmalıdır"

Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 401.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və ya keçirilməsinə görə üç min manatdan dörd min manatadək məbləğdə cərimə tətbiq olunur. Təklif olunan dəyişikliyə görə, artıq bu əməllər 50 min manatdan artıq ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq.

 Mövzu ilə bağlı "Şərq"ə fikirlərini bölüşən millət vəkili Fazil Mustafa bu qərarla tam razı olduğunu deyib. O bildirib ki, belə oyunlar gənclərin həyat şəraitinin dəyişməsinə gətirib çıxarır:

"Hər zaman qumarın əleyhinə olmuşam. Onlar nəticə etibarilə, cəmiyyətin korlanmasına səbəb olur. Düşünürəm ki, hətta 20 min manatdan artıq ziyan vuranlar da  cərimə olunmalıdır.

Burada heç vaxt düzgünlük olmayıb. Adamların aldadılmasına gətirib çıxaran, çirkli yollarla yaradılan bu kimi mərc oyunların tərəfdarı deyiləm. İdman-mərc oyunları ləğv olunmalıdır.

Bu tip mərc oyunları əslində, gənc nəslin tərbiyəsini pozmağa, onları düz yoldan çıxarmağa səbəb olur. Ümumiyyətlə, burdan əldə olunan gəliri sağlam gəlir hesab etmirəm".