Avtobuslarda millət ağız-ağıza nəfəs alır

Sosial məsafədən söhbət gedə bilməz, əvvəlcə bunu düzəltmək lazımdır

"Koronavirus artıq bir həyat tərzidir, hər kəs normal həyata qayıtmalıdır"

"Düşünürəm ki, yoluxma sayında davam edən hazırkı müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha bilikli və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər. Əlbəttə ki, yeni qaydalarla birlikdə nəzarət mexanizmlərinin də qurulması şərti ilə.

Təbii ki, bu barədə son qərar Operativ Qərargah  tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək. Ümumiyyətlə, hesab edirəm ki, payız aylarından sonra COVİD-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi fayda yanında, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma bizlər vətəndaş olaraq ehtiyatlı olmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq". 

Bu sözləri şəxsi feysbuk səhifəsində həkim Rəşad Mahmudov yazıb.

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən həkim-pulmonoloq Ramin Nəriman isə bildirib ki, toy və nişan mərasimlərinin qadağan olunması məntiqsizdir. Həkim vurğulayıb ki, onlara qadağaların tətbiq olunmasının başlıca səbəbi məhz insanların sıx toplaşmasının qarşısının alınması məqsədi daşıyırdı:

"İlk olaraq deyim ki, bu gün nəqliyyatda çox güclü sıxlıq müşahidə olunur. İctimai nəqliyyatdakı sıxlığın qarşısını alan müəssisə ondan sonra iddia edə bilərdi ki, toy və nişan mərasimləri təşkil olunmasın. Təbii ki, toyda bir masa arxasında 10 nəfər oturacaq. Onlar da kifayət qədər biri-birlərindən aralı məsafədə olacaq. Amma hazırda avtobuslarda  millət ağız-ağıza nəfəs alır.

Burada heç bir sosial məsafədən belə söz gedə bilməz. Son zamanlar özünü bu daha qabarıq şəkildə göstərir. Ona görə də toyu qadağan eləmək çox gülüncdür. İkinci tərəfdən artıq Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, koronavirusla bağlı məhdudlaşdırıcı məsələlər aradan qaldırılmalıdır. Niyə?

Çünki koronavirus ola bilsin ki, bir həyat tərzidir. Yəni həyat tərzi ola biləcək bir xəstəlik bu qədər məhdudlaşdırma gətirib çıxarmalı deyil. Məsələn, şəkərli diabeti olan  xəstədi deyə evdə oturmur ki? O xəstəliklə bərabər öz həyatını yaşayır, müəyyən şeyləri edir, bəzilərini də etmir. Koronavirus da həyat tərzinə çevrilmiş bir xəstəlikdir.

İnsanlar bundan sonra da mütəmadi olaraq sanitar-gigiyenik qaydalara riayət etməlidirlər. Bir də ki, artıq həkimlər koronavirusla bağlı müəyyən təcrübəyə sahibdirlər.

Tibb işçilərimiz  COVİD-19-la bağlı diaqnozlaşdırma, yoluxma və qorunma  yolları barədə bir çox bilgilərə yiyələniblər. Ona görə də bu məhdudlaşdırıcı tədbirlər aradan qaldırılmalıdır. Hər kəs normal həyat tərzinə qayıtmalıdır. Normal həyat fonunda yaranan xəstəliklər necədirsə, nə dərəcədə artım olacaqsa, ona uyğun da  addımlar atılmalıdır və yardım göstərilməlidir.

Bundan sonra da düşünmürəm ki, yoluxma da o sayda olsun ki, səhiyyə sistemi də  iyun, iyul aylarındakı qədər yüklənsin. Ona görə də fikirləşirəm ki, toy, nişan, hətta yas mərasimlərinin təşkilinə artıq  icazə verilməlidir".