Hamının uşağına dayə tutmaq imkanı yoxdur

Heç olmasa, 1-ci siniflər üçün hər gün dərs keçilməli idi

"Əvvəlki illərdə şagirdlər 34 həftə ərzində dərslərdə iştirak edirdilər. İndi isə bu rəqəm 68 günədək azalacaq"


"Axı 1-ci sinif şagirdi həftədə 2 gün dərsə getməklə nə öyrənə bilər? 6 yaşlı uşağın distant dərsə münasibəti cizgi filmi izləmək səviyyəsində olacaq. Onlar müəllim-şagird münasibətlərini hələ indi öyrənəcəkdilər. Və... bu işləyən yazıq valideyn distant dərsdə uşaqla bərabər olmaq üçün nə etsin? İşdən çıxsın? Axı hamının uşağına dayə tutmaq, ya kiməsə tapşırmaq imkanı yoxdur! Çox çətin vəziyyətdəyik. Heç olmasa, 1-ci siniflər hər gün dərs keçməli idi... 2 dərs (əlifba,riyaziyyat).  Hərfləri də onlayn yazıb yoxladacaqlar müəllimə?". Bu sözləri bu il övladı birinci sinfə gedəcək  valideyn Billurə Aslanova şəxsi "Facebook" səhifəsində yazıb.


Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, ibtidai siniflər 2-3 gün deyil, hər gün məktəbə getsələr tədris prosesi daha effektli olar. O vurğulayıb ki, körpə olduqları üçün onların virtual dərslərdən yararlanmaq faizi də yuxarı siniflərlə müqayisədə daha aşağıdır:

"Düşünürəm ki, ibtidai sinif şagirdləri onlaynla dərsi tam mənimsəyə bilməyəcəklər. Çünki onlar müəllimlə individual ünsiyyətdə olmalıdırlar. Əvvəlki illərdə şagirdlər 34 həftə ərzində dərslərdə iştirak edirdilər. İndi isə bu rəqəm 68 günədək azalacaq. Nəticədə uşaqlar mövzu baxımından kifayət qədər yüklənəcək. Çünki belə halda onlar proqramı mənimsəməyə əziyyət çəkəcəklər, eyni zamanda  əlavə yüklənmələr ortaya çıxacaq. Ümid edirəm ki, qısa müddətdən sonra koronavirus başa çatacaq. Dərslərdə iştirak faizi tezliklə yüksələcək".

K.Əsədov tibb işçiləri tərəfindən şagirdlərin hərarətlərinin ölçülməsi, əllərinin spirtlənməsi məsələsinə də toxunub: 

"Yeni tədris ilinə əsasən,  I- IV  siniflərdə dərslər 25 dəqiqə müddətində keçiriləcək. Tənəffüs müddəti isə 5 dəqiqə olacaq.  Onların tibb işçiləri tərəfindən əvvəlcədən hərarətləri ölçüləcək, əlləri spirtlənəcək. Maskasız gələn şagirdlər isə  maska ilə təmin olunacaqlar. Biz təklif etmişik ki, inzibati binaya daxil olanda şagirdlərin temperaturu uzaqdan ölçən termometr vasitəsilə yoxlanılsın.

Çünki uşaqların əllərinə cihaz yaxınlaşdıran zaman onlar güclü psixoloji gərginlik keçirə bilərlər. Buna görə də, bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Təbii ki,  valideynlər üçün də müəyyən  davranış qaydaları tətbiq olunacaq".