Ortaq media platforması müsbət nəticələr verəcək

Gündəmi izləyən, milli duruşu ilə seçilən peşəkarlar prosesin içində olmalıdır

Xəbər verdiyimiz kimi, Azərbaycanla Türkiyə arasında ortaq media platforması ilə bağlı razılıq əldə olunub. Bu məqsədlə Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb və tərəflər bir çox məsələləri müzakirə ediblər. Həm Türkiyə, həm də Azərbaycanın həyati maraqları və mövcudluğuna yönəlik müxtəlif təhdidlərlə qarşılaşdığına diqqət çəkən Altun bu hücumların türk millətinə qarşı olduğunu qeyd edib. Türkiyə ilə Azərbaycanın “iki dövlət, bir millət” şüarı ilə hərəkət etdiyini bildirən Altun prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu anlayışın sadəcə sözdən ibarət olmadığını bütün dünyaya göstərdiyini vurğulayıb:

“Bu qardaşlığı son illərdə artan iş birliyi ilə taclandırdıq. Xüsusilə İctimaiyyətlə Əlaqələr İdarəsi səlahiyyətinə aid olan bütün məsələlərdə Azərbaycanla daha sıx əməkdaşlıqda olmaq istəyirik”. Beynəlxalq və regional mövzularda iki ölkənin birlik və həmrəyliyini ən yüksək səviyyədə qoruyacağını söyləyən Altun bu xaos və təlatüm mühitində kommunikasiya sahəsində yalnız birlikdə qalib gələ biləcəyimizi deyib: “Qlobal şərtləri nəzərə alaraq bunun bir seçim deyil, bir öhdəlik olduğu başa düşüləcək”. Türkiyə ilə Azərbaycan arasında media, rabitə və xalq diplomatiyasında iş birliyinin inkişaf etdirilməsinin həyati bir məsələ olduğunu ifadə edən Altun, milli və beynəlxalq cəmiyyətə məlumatların sürətli çatdırılmasından məlumatların təhrif olunması, yalan xəbərlər və dezinformasiyaların yayılmasına qarşı mübarizəyə qədər geniş sahədə Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın həyata keçiriləcəyini bildirib: “Bu baxımdan Türkiyə-Azərbaycan Media Platformasını qurmaq üçün razılığa gəldik.

Bu platforma sayəsində iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsini, ictimaiyyətin məlumatlandırılması mövzusunda effektiv fəaliyyət göstərməsini, xüsusən də sosial media tərəfi ilə ortaya çıxan xarici qara təbliğatla mübarizə mövzusunda ortaq strategiyaların yaradılmasını qiymətləndirdik”. Prezidentin köməkçisi Hikmət Hacıyev də Türkiyə ilə əməkdaşlığın gücləndirilməsindən məmnun olduğunu bildirib. Vurğulayıb ki, televiziyadan kino sahəsinə qədər bütün sahələrdə ortaq layihələrin yaradılması sayəsində iki ölkəyə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı mübarizə güclənəcək. H.Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media qurumlarının nümayəndələri ilə də görüşüb.

Məlumat üçün bildirək ki, iki ölkə arasında ortaq media platformasının yaradılması, mətbuat əməkdaşlığının daha da inkişafı istiqamətində əvvəlki dövrlərdə bir neçə təşəbbüs göstərilib, müəyyən fəaliyyət ortaya qoyulub. Əfsuslar olsun ki, proses yarımçıq qalıb və müsbət nəticə əldə olunmayıb. 

“Şərq” qəzetinin baş redaktoru, “Azərbaycan Türk Ocağı”nın sədri Akif Aşırlı Türkiyə və Azərbaycan arasında vahid media platformasının yaradılması barədə razılığın əldə olunmasını müsbət hadisə adlandırıb. Baş redaktor vurğulayıb ki, eyni soy-kökün, tarixin, mədəniyyətin daşıyıcısı olan eyni millətin də vahid informasiya məkanı olmalıdır:

“Milli mətbutamızın əsası olan "Əkinçi" qəzetinin şriftləri 1874-cü ildə Həsən bəy Zərdabi tərəfindən İstanbuldan alınıb gətirilib. Türkiyəli jurnalistlər, Əhməd Kamal, Abdulla Cövdət, Xalid Xürrəm Azərbaycanda "Füyuzat", "Yeni Füyuzat", "İrşad", "Şəlalə" qəzet və dərgilərində çalışıb. Məhəmməd Hadi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ünsizadə qardaşları uzun müddət Türkiyə mətbuatının formalaşmasında iştirak edib. Yəni Türkiyə-Azərbaycan mətbuat əlaqələrinin tarixi özülü möhkəmdir. Biz bu özül üzərində vahid media informasiya məkanı yaratmaqla, dildə, fikirdə, işdə birlik nümayiş etdiririk. A.Aşırlı diqqətə çatdırıb ki, vaxtilə türkdilli ölkələrin vahid informasiya məkanının yaradılması təşəbbüsləri olub, amma bu alınmayıb: "Bu gün Türkiyə və Azərbaycan arasında bütün sahələrdə vahid strukturların yaradılmasının şahidi oluruq. Diaspor, QHT, mədəniyyət, parlamentlərarası əlaqələr, təhsil və ən əsası hərbi sahədə fəaliyyətin koordinasiyası üçün əsaslı işlər görülür. Bu birlik media sahəsini niyə əhatə etməsin?".

A.Aşırlı vahid media platformasının yaradılması üçün bir neçə məsələyə diqqət yönəldib:

  "Ən başlıcası müstəqil media siyasəti üçün vahid informasiya agentliyinin və saytının yaradılması yaxşı olardı. Türkiyə və Azərbaycan türkcəsində ortaq bir televiziyanın yaradılması, gələcəkdə keçmiş sovetlər birliyində olan türk cümhuriyyətlərinin də bu teleməkana qatılması layihə olaraq nəzərdən keçirilməlidir. Dövlətlərarası informasiya əlaqələri baxımdan "AzərTac" və "Anadolu" agentliklərinin, İctimai Televiziya və TRT-nin birgə layihələrinə yenidən baxılmalı, imkanlar genişləndirilməlidir. Azərbaycan və Türkiyənin müstəqil jurnalistləri arasında əlaqələrin intensivləşməsi, onların vahid platforma ətrafında birləşməsi də müsbət nəticə verər. Hər iki ölkənin jurnalist təşkilatlarının vahid platformada çıxışı da nəzərə alınmalıdır”.

İki ölkə arasında əldə olunmuş razılıqla bağlı “Şərq”ə danışan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, bənzər təşəbbüslər əvvəllər də olub. Baş redaktorun sözlərinə görə, illər öncə o, Akif Aşırlı, Elçin Şıxlı, Rauf Arifoğlu və digər media rəhbərləri Azərbaycan-Türkiyə arasında ortaq media platformasının yaradılması təşəbbüsünü irəli sürüblər:

“Təəssüflər olsun ki, təşəbbüsün reallaşması üçün müəyyən maneələr yarandı. Sonrakı dövrlərdə türk media platformaları ortaya çıxsa da, son nəticədə proses sözçülükdən o yana keçmədi. Yəni toplantılar keçirildi, insanlar bir araya gəldi, səfərlər təşkil olundu, ancaq gizli əllər prosesin praktik məcraya yönəlməsinə mane oldu. Sanki ortalıqda bir maraq var idi ki, proses nəzarətdə saxlanılsın və formal xarakter daşısın. Lakin prosesin praktik məcraya yönəldilməsi üçün imkanlar hər zaman olub və bu istiqamətdə təşəbbüslər səsləndirilib. Hesab edirəm ki, belə məsələlərdə çox geniş miqyasın götürülməsi yanlış yanaşmadır. Başlanğıc üçün Türkiyə-Azərbaycan mediasını vahid platformada birləşdirmək və bünövrəni möhkəmləndirmək lazımdır. Heç kimə sirr deyil ki, bu gün türk dünyasının əməkdaşlığı hansısa formada mövcuddursa, bu, Azərbaycan-Türkiyə birliyi sayəsində mümkün olub. Əks təqdirdə türk birliyi reallaşmazdı. Çünki məhz iki ölkə - Azərbaycanla Türkiyə ortaya siyasi, iqtisadi və hərbi əməkdaşlıq müstəvisində ciddi işlər qoyub və möhkəm təməl formalaşdırıb. Artıq bu bünövrənin üzərində binanın ucaldılması üçün ciddi imkanlar var. Prezidentin köməkçisinin rəhbərliyi ilə Türkiyəyə səfər edən nümayəndə heyətinin konkret bir platforma üzərində dayanması çox düzgün yanaşmadır”. 

E.Mirzəbəylinin fikrincə, vaxtı ilə Türkiyədə bəlli qruplar prosesin irəli aparılmasına mane olurdular. Onların içərisində FETÖ-çülər də var idi:

“Azərbaycan-Türkiyə əməkdaşlığında, türk dünyasının birliyində maraqlı olmayanlar, şimaldan siqnal gözləyənlər bu prosesin irəliyə aparılmasına əngəl olurdular. Əksər milli ideyalar doğulmadan ya dəfn edilir, ya da formal xarakter daşıması üçün bütün mümkün vasitələrdən istifadə olunurdu. İşlər elə adamlara tapşırılırdı ki, irəliyə getməsin, əvəzində şəxsi koorporativ maraqlar həyata keçsin. Ümid edirəm, proses bu dəfə nəhayət irəliyə gedəcək. Yanaşmaların özündə müsbət təzahürlər görünür, əgər ardıcıllıq bu formada davam edərsə, praktik nəticə əldə oluna bilər. Hər halda zamanın keçməsini gözləyək”. 

Baş redaktor bəyan edib ki, medianın bir dam altına cəmləşdirilib idarə olunması yanlış metoddur:

“Ümumiyyətlə, bu, mümkün olan məsələ deyil, çünki ayrı-ayrı media qurumları, strukturları var. Burada söhbət dövlətin informasiya siyasətinin vahid mərkəzdən idarə olunmasından, Azərbaycan və Türkiyə media qurumları arasındakı əməkdaşlığın genişlənməsindən və konkret media platformasının yaradılmasından gedir. Məsələn, Türkiyənin “TRT World” kanalı üzərindən ortaq fəaliyyət göstərmək, bu televiziyanın imkanlarından istifadə etmək mümkündür. Hazırda bizə lazım olan dünyaya çıxmaq, dünyanın informasiya məkanında savaşmaqdır.

Türkiyə ilə Azərbaycan “Əl-Cəzirə” səviyyəsində bir telekanal yaradaraq dünya informasiya məkanına girə bilərlər. Əgər “Russian today” kanalı  bunu bacardısa, bizim potensialımız imkan verir ki, ondan daha üst səviyyədə nailiyyət əldə edək. Beynəlxalq müstəviyə çıxmaq və informasiya siyasətini Azərbaycan və Türkiyə sərhədlərindən kənara daşımaq üçün konkret platformalara ehtiyac var”. 

“YeniÇağ” Media Qrupun rəhbəri Aqil Ələsgər də “Şərq”ə açıqlamasında sözügedən təşəbbüsü müsbət dəyərləndirib. Onun sözlərinə görə, media sahəsində əməkdaşlığın inkişafı strateji ortaqlığın göstəricisi sayılmalıdır:

“Belə məsələlərdə rəhbər şəxslərin mövqeyi hər zaman həlledicidir və prosesdə iştirakları mühümdür. Amma təşəbbüsün reallaşması və fundamentin sağlam təməllər üzərində qurulması üçün işçi qrupun formalaşmasına ehtiyac var.

Hər iki ölkənin mediasını dərindən bilən, gündəmi müntəzəm izləyən, rəhbər şəxslərin ideyalarını doğrultmağı bacaran, çağırışlara cavab verən peşəkar kadrların birgə fəaliyyəti zəruridir. Qısacası, bu məsələyə can yandıran şəxslər işin içində olmalıdır. Həm Hikmət Hacıyev, həm də Fəxrəddin Altun Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında səmimi və milli duruşları ilə seçilən dövlət məmurlarıdır.

Fikrimcə, onların rəhbərliyi ilə başlayacaq hərəkat müsbət nəticələr verəcək. Bundan sonra əksər məsələlər Azərbaycan və Türkiyə jurnalistlərinin üzərinə düşür.

Ara-sıra da olsa qardaş ölkə mətbuatında qüsurlu informasiyalar yayılır. Bu da ondan xəbər verir ki, ilk növbədə qardaş ölkə mediası ilə yaxından işləməliyik. Unutmayaq ki, Türkiyə mətbuatı bizim üçün dünyaya açılan pəncərədir. Türkiyə mətbuatına nə qədər sıx inteqrasiya etsək, bu, Azərbaycan mediasının inkişafına töhfə verəcək”.