ABŞ tanklarının görünməsində mesaj var

Gürcüstanda keçirilən NATO təlimləri sıradan hadisə deyil

Gürcüstanda ABŞ, İngiltərə, Polşa və Fransanın iştirakı ilə NATO-nun “Noble Partner 2020” təlimləri başlayıb. Hərbi təlimlər Gürcüstan, ABŞ və digər müttəfiq ölkələrin silahlı qüvvələrinin hazırlıq vəziyyətinin artırılmasına, Qara dəniz regionunda sabitlik və təhlükəsizliyə töhfə verməyi hədəfləyir. Artıq beşinci dəfədir Gürcüstanda keçirilən təlimlərdə ilk dəfə ABŞ-ın “Striker” və “Hummer” zirehli, lojistik avtomobilləri də qatılıb.

Təlimlərdə iştirak üçün xarici ölkələrdən Gürcüstana 2700 əsgər gəlib. Hərbi təlimlər sentyabrın 18-nə qədər davam edəcək. Gürcüstanda seçki öncəsi belə bir hərbi təlimin keçirilməsi ətrafında müxtəlif mülahizələr səslənir. Qeyd olunur ki, Qərb ölkələri, daha doğrusu, ABŞ hərbi təlimlərlə son dönəmlər regionda təhlükəli aktivlik nümayiş etdirən Rusiyaya öz mesajını çatdırır. Daha doğrusu, Moskvanın Cənubi Qafqazda, o cümlədən Belarusdakı fəaliyyətlərinə hədələyici cavab verir. 



İddialarla bağlı fikirlərini “Şərq”ə bölüşən politoloq Əhəd Məmmədli hesab edir ki, qonşu ölkədə keçirilən hərbi təlimlər heç də sıradan hadisə deyil. Ekspertin sözlərinə görə, ABŞ tanklarının küçələrdə boy göstərməsi, Qərb ölkələrini təmsil edən hərbiçilərin yürüyüşünün təşkil edilməsi xüsusi mesaj mahiyyəti daşıyır:

“Vaxtı ilə Amerika prezidenti Corc Buşun Gürcüstana səfəri zamanı Tiflisdə "Ləzginka"ya oynaması ölkə ictimaiyyətində bu qədər müzakirəyə səbəb olmuşdu. İndiki təlimlər və xüsusən ABŞ zirehli texnikasının Gürcüstan küçələrində əzələ nümayişi kifayət qədər ciddi məsələdir.

Düzdür, o vaxt Corc Buşun məlum rəqsindən sonra rus tankları Tiflisin 20 kilometrliyinə qədər gəlib çıxdı.

Ancaq indiki gürcü iqtidarı rusyönümlü sayılır və Moskvanın da münasibəti loyaldır. Lakin Rusiyanın “qulağının dibində” Qərbin 5 ölkəsinin hərbi təlimlər keçirməsi olduqca ciddi məsələdir.

Nəzərə alaq ki, NATO üzvü olan Türkiyə də Azərbaycanla birgə hərbi təlimlər keçirdi. İndi Gürcüstandakı 5 ölkə də NATO üzvüdür. Bütün bunlar göstərir ki, artıq Cənubi Qafqaz regionu tam mənada Rusiyanın nəzarəti altında deyil”.