"Evdə qalmaq istəmirik"

Azər Həsrət: "Əziz həmvətənlərimiz, mümkün qədər məsuliyyətli olaq"

“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ilə ölkənin digər bölgələri arasında gediş-gəliş bərpa edilib. Yəni hər kəs rahat şəkildə şəxsi avtomobili ilə yola çıxa bilər. Lakin bir şeyi unutmamaqla: - məsuliyyəti”. 

Bunu “Şərq”ə siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib. Ekspert bildirib ki, dövlət bu şəraiti ona görə yaradır ki, insanlar təcili zərurət olduqda rahat səfər edə bilsinlər: “Bununla belə önləyici tədbirləri də unutmamalıyıq.

Maska, məsafə, dezinfeksiyanı nəzərdə tuturam. Əgər koronavirusa yoluxmanın yeni və daha dəhşətli dalğasını yaşamaq istəmiriksə, hamımız məsuliyyətli olmalıyıq.

Lakin müşahidələr göstərir ki, insanlar o qədər də məsuliyyətli deyillər. Dükanlara maskasız daxil olub məsafə saxlamayanlara addımbaşı rast gəlirik.

Bu isə o deməkdir ki, bir müddət sonra yenidən yolları bağlayıb “evdə qal”malı olacağıq. Bizə lazımdırmı bu? İstəmirik. Ona görə də əziz həmvətənlərimiz, mümkün qədər məsuliyyətli olaq”.