Maştağa sakini telefonsuz qalıb: Nazirlik ATS-in, ATS-də nazirliyin üstünə atır – Özbaşınalıq!  

Maştağa qəsəbəsi, “Bağlar Massivi” bağ -4 ev sakini Arif  Bədəlov “Sherg.az”a müraciət edib. Vətəndaş uzun müddətdir,  ev telefonunun işləmədiyini, bunun üçün Avtomatik Telefon Stansiyasına (ATS) müraciət etsə də, problemin həll edilmədiyini bildirir.

“Keçən il ev telefonunda müəyyən problemlər yarandı. Yağış yağanda, bir az külək əsəndə telefon işləmir. Dəfələrlə 155-ə müraciət etsək də, problemin həlli mümkün olmadı. 155-ə zəng edəndə dedilər ki, edərik.

Amma sonuncu dəfə iyul ayının 31-dən etibarən ev telefonu tamamilə işləmir. Sonuncu dəfə 155-ə zəng vuranda dedilər ki, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə zəng vurun, bəlkə onlar köməklik göstərdilər”. Yəni sözlərindən belə çıxır ki, bizim sözümüz keçmir.

Avqustun 1-dən nazirliyə zəng vururam. Hər dəfə də deyirlər ki, 155-qaynar xətti gəlib problemi düzəltməlidir. Özüm neçə dəfə usta çağırmışam. ATS-dən deyirlər ki, daxili xəttinizdə problem var. Amma problemi həll etmirlər.

Nazirliyə növbəti dəfə yenə zəng vuranda dedilər ki, guya ATS-lə əlaqə saxlayıblar, özləri zəng edəcəklər. Lakin heç bir zəng yoxdur. Problemin həlli üçün müvafiq orqanlar heç bir iş görmürlər”.

P.S Maştağa qəsəbəsi ATS-lə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.