Ağ bəxtimi qara yazdın, taleyim ! – "Övladlığa verilən uşaqlar qul kimi işlədilirlər” - İçacıdan iddia

 “Uşaqlarımızın xarici vətəndaşlara övladlığa verilməsini dövlətimiz nəzarət altında saxlamalıdır”

“Bəlkə sabah həmin valideynlər uşağı çölə atacaqlar? O qədər belə hallarla rastlaşmışıq ki...”

“Uşağı başqalarına təhvil verərkən valideyn olmaq istəyənlərin psixoloji və maddi durumu yoxlanılmalıdır”


Azərbaycanda əcnəbilər tərəfindən övladlığa götürülən uşaqların sayı açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov məlumat verib. O, deyib ki, 2019-cu ilin noyabrın 1-dən indiyə qədər cəmi üç uşaq əcnəbiyə övladlığa verilib.
Onun sözlərinə görə, ötən ilin noyabrın 1-nə qədər 80  uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb. 
Uşaqların övladlığa verilməsi ölkə mediasında daim müzakirə olunur. Çünki bu məsələdə narahatlıq doğuran bəzi məqamlar var.  Xüsusən uşaqların əcnəbi vətəndaşlara övladlığa verilməsi, onların sonrakı taleyi ilə bağlı müxtəlif fikirlər səsləndirilməkdədir. 



Məsələni dəyərləndirən hüquq müdafiəçisi Səidə Qocamanlı “Sherg.az”a bildirib ki, uşağın sağlam böyüməsində və inkişafında mühüm amillər var.

Uşaq evlərinin əleyhinə olmadığını deyən hüquq müdafiəçisi qeyd edib ki, uşaq evlərində çox dəyənətli və mehriban insanlar işləyir:

“Amma hər halda ailə başqadır. Uşağı başqalarına təhvil verərkən ilk növbədə valideyn olmaq istəyən insanların özlərini müəyyən yoxlamalardan keçirmək lazımdır. Bu yoxlamalar həm psixoloji cəhətdən, həm də onların uşağa olan səmimi münasibəti baxımından olmalıdır. Çünki uşaq bir şəxsiyyətdir. Bəzən deyirik ki, “uşaqdır və ağlı heç nə kəsmir”. Xeyr, bu, belə deyil. Uşağın şəxsiyyət kimi böyüməsində valideynin böyük rolu olmalıdır”. 

S.Qocamanlının fikrincə, valideyn olmaq istəyən şəxsləri psixoloji cəhətdən yoxlamaq, həmçinin onların maddi durumunu bilmək çox vacibdir:

“Etiraf edək ki, son zamanlar hətta xarici ölkələrdə belə uşağı övladlığa götürüb əməyini istismar edirlər və onu qul kimi işlədirlər. Amma həqiqətən də səmimi qəlbdən uşaq sevən insanların övlad sahibi olmaq arzusu yaxşı haldır”.



Hüquq müdafiəçisi vurğulayıb ki, ölkəmizdəki uşaqlar xarici vətəndaşlara övladlığa verilməsini dövlətimiz ciddi nəzarət altında saxlamalıdır:

“Həmin uşağın gələcəyi, onun necə yaşaması və böyüməsi, hansı mühitdə olması çox vacibdir. Övladlıq götürmək istəyən insanlarla müqavilə bağlayanda mütləq dövlətimiz də öz şərtlərini qoymalıdır. Azərbaycan tərəfi bildirməlidir ki, övladlığa götürüləcək uşaq bizim vətəndaşımızdır, amma biz onu daim nəzarətdə saxlayacağıq. Yəni dövlətimiz vətəndaşına olan diqqətini azaltmayacaq. Bəlkə sabah həmin valideynləri uşağı çölə atacaqlar?

O qədər belə hallarla rastlaşmışıq ki... Amerikada və Avropa ölkələrində belə hadisələr çox yaşanıb. Ona görə də gərək müəyyən yaşa kimi dövlətimiz həmin uşağın taleyini nəzarət altında saxlasın”.