Paşinyanın "müharibəyə hazırlıq" taktikası, yoxsa növbəti blef ? ! - Xalqı aldadır !



Dağlıq Qarabağda yaradılan qondarma rejimdə günlərdir “Azərbaycan ərazilərinin növbəti işğal planı” müzakirə edilir. Erməni silahlı birləşmələrinin veteranı Kamo Arutyunyan ermənilərin Goranboyu işğal etməyə “borclu” olduğunu deyib. Onun iddiasına görə, əgər ermənilər Xəzər dənizinə çatmaq istəyirsə, Goranboy rayonu kimi bölgələrdən keçməlidirlər: “Goranboy yeganə bölgədir ki, buranı ələ keçirməklə Azərbaycanın əsas düzənlik mərkəzlərinə nəzarəti ələ ala bilərik.

Bu ərazilərin sırasına Gəncə və Mingəçəvir kimi şəhərlər də daxildir”. Separatçı rejimin “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan isə Goranboyu ələ keçirməyin “sərfəli olmadığını” bildirib. Babayan iddia edib ki, sabah müharibə başlasa, onlar Goranboy rayonunu işğal etməyəcəklər. Çünki nefti olmayan bir bölgədən ötrü qan tökmək mənasızdır: “Mən onun yerinə Gəncəni işğal edərdim”.

Göründüyü kimi Ermənistan və Qarabağdakı oyuncaq rejim Azərbaycan ərazilərini işğalını və bu işğalı davam etdirmək niyyətini açıqca ortaya qoyur. Bundan əvvəl separatçıların başçısı Araik Arutyunyan da sülh danışıqlarının dayandırılmasını, 100 minlik “xalq ordusu” yaradılmasını, həmçinin Gəncə şəhərinə zərbə endirilməsi “təkliflərini” səsləndirmişdi. Siyasi şərhçilərin fikrincə, düşmən tərəfin “müharibəyə hazırlıq” müzakirələri müəyyən siyasi məqsədlər güdür. 



Düşmənin sərsəm müzakirələrini “Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan geosiyasi baxımdan qıc olmuş vəziyyətdədir. Analitikə görə, düşmən ölkədə heç bir sahədə tərəqqidən söhbət gedə bilməz:

“Dağlıq Qarabağ münaqişəsi Ermənistanı bədbəxt günə qoyub. Ancaq ermənilər ərazi iddialarının girovuna çevrildiklərini boyunlarına almırlar. İrəvan hökuməti acınacaqlı vəziyyətdə “ürəkaçan” görüntü yaratmaq üçün anti-Azərbaycan siyasətini gücləndirməyə çalışır. Məqsəd odur ki, ermənilər hər an növbəti hərbi əməliyyatların başlayacağının fərqində olsunlar və sosial tələblərlə hökumətin qabağına çıxmasınlar, öz hüquqlarını tələb etməsinlər. Ona görə də həm Ermənistanda, həm də işğal altındakı ərazilərimizdə tezliklə növbəti hücuma başlayacaqları və yeni torpaqları zəbt edəcəkləri yalanlarını tirajlayırlar. Erməniləri inandırmağa çalışırlar ki, guya, cəbhə xəttində proseslərə nəzarət edirlər. Bu da hər şeydən öncə süni surətdə müharibə vəziyyəti yaratmağa xidmət edir”. 

T.Abbasov vurğulayıb ki, bütün bunlar bir daha göstərir ki, Ermənistan hökumətinin aydın diplomatiyası yoxdur:

“İrəvan sadəcə dağıdıcı missiyanı həyata keçirir və bölgədə siyasi gərginliyi saxlamağa çalışır. İrəvan və qondarma rejimdən gələn çağırışların hamısı müharibəyə hazırlıqla bağlıdır. Hesab edirəm ki, bu, baş nazir Nikol Paşinyanın şəxsi ambisiyaları üzərində qurulmuş bir siyasətdir. Paşinyan başa düşür ki, indiki sosial problemlər şəraitində dövləti idarə edə bilməyəcək və nəticədə xalq onu hakimiyyətdən uzaqlaşdıracaq. O səbəbdən mümkün qədər gərginliyi artırmağa və hakimiyyətinin ömrünü uzatmağa çalışır”.